“Oyunun sonlarına yaxın artıq yorulmuşduq və nəticədə diqqətsizlik etdik. Çox məyusuq ki, son dəqiqələrdə qol buraxdıq. Çünki yaxşı mübarizə aparmışdıq. Bir neçə epizodda bəxtimiz gətirmədi”.
Sportal.az xəbər verir ki, bu sözləri "İnter"in futbolçusu Pərdis Fərcad-Azad Topaz Premyer Liqanın 2-ci turunda "Qarabağ”a məğlub olduqları oyundan (0:1) sonra jurnalistlərə açıqlamasında deyib. O, “Qarabağ”ın Azərbaycanın ən yaxşı komandası olduğunu və Çempionlar Liqasının qrup mərhələsində oynaya biləcəyini düşünür:
“Mən əlimdən gələn hər şeyi etdim. Digər rəqiblərlə müqayisədə, “Qarabağ”la oynamaq çətindir. “Qarabağ” Azərbaycanın ən yaxşı komandasıdır. İnanıram ki, “Qarabağ” “Kopenhagen”i məğlub edərək, Çempionlar liqasının qrup mərhələsinə adlayacaq. Mənim də arzumdur ki, “Qarabağ” qrupda oynasın. Çünki bu, bütün Azərbaycan futbolu üçün böyük uğur olar”.
29 yaşlı hücumçu Albaniyanın “Kukesi” klubuna keçən sabiq komanda yoldaşı Rauf Əliyev haqda da danışıb: “Mən düşünmürəm ki, Rauf Əliyevin komandadan ayrılması yaxşıdır. Rauf da oyuna çıxırdı, mən də. Çalışacam ki, özümü daha da yaxşı göstərim”.
Pərdis yenidən milli komandada oynamaq istədiyini söyləyib: “İstəyirəm ki, yaxşı oynayım, qollar vurum. Milli komandada oynamaq bütün futbolçuların arzusudur. Mən Berti Foqstun vaxtında millidə oynamışam. Milli komandanın heyətində oynamaq tamam başqa hisdir. Arzum budur ki, yenidən milliyə qayıdım”.
saytlarin hazirlanmasi