Zaur Svanadze: "Hamı mənə deyirdi ki, dəyişiklik baş verəcək"

16:17 - 2 Noyabr 2017

“Azərbaycanda çox yaxşı insanlarda tanış oldum”.

 

Sportal.az xəbər verir ki, bu sözlər “Keşlə” klubu ilə yolları ayrılan Zaur Svanadzeyə məxsusdu. Gürcüstanlı məşqçi 1news.az saytına müsahibəsində bir çox məqamlara toxunub.
 
Zvanadze əvvəlcə komandanın “sükanı arxası”na keçdiyi vaxtı yada salıb: “Kaxaber Sxadadzenin gedişindən sonra məni baş məşqçi qoydular. Həmin vaxt çətin günlər başlamış, klubda şərtlər pisləşmişdi. Bir sözlə, çoxlu problem var idi. Buna baxmayaraq, layiqli oyun göstərib, çempionatda yaxşı yer tutmuşduq”.
 
Təcrübəli çalışdırıcı daha sonra Nizami Hacıyev və Ruslan Abışov haqda danışıb: “Nizami son vaxtlar zədə ilə əlaqədar, oynamırdı və onun yoxluğunda bizim üçün çox çətin idi. Nizami bəzən dözülməz olur. Lakin “Keşlə” üçün vacib futbolçudu. Ruslan Abışovu mənə mərkəz müdafiəçisi kimi təqdim edəndə razılaşmaq istəmirdim. Çünki həmin mövqeyə futbolçumuz çox idi. Bildiyiniz kimi, Ruslan “İnter”də dayaq yarımmüdafiəçisi ampluasında çıxış edirdi və mən onun oyunundan çox razı idim. Türkiyədə təlim-məşq toplanışında olanda isə bizə zəng edib dedilər ki, Abışov “Neftçi”yə keçməlidi. Elə həmin axşam Ruslan əşyalarını topladı və bir oteldən digərinə yollandı”.


Svanadze “Keşlə”dən ayrılması və Ramiz Məmmədovun onu əvəzləməsi barədə də fikirlərini bildirib: “Komanda ardıcıl 4 oyun uduzanda rəhbərlik uğursuzluğun səbəblərini araşdırmağa başlayır. Bu günlərdə görüşümüz oldu və qarşılıqlı razılıq əsasında əməkdaşlığa son qoyduq. Baş məşqçi postunda Ramiz Məmmədovla əvəzlənməyimin mümkün olduğunu əvvəldən düşünürdüm. Hamı mənə deyirdi ki, dəyişiklik baş verəcək. Elə də oldu. Bu, rəhbərliyin qərarıdı. Ramiz Məmmədov kluba gələndən cəmi 2 dəfə görüşmüşük. İlk dəfə əvəzedicilərin oyununda bir araya gəlmişdik. Bir də həyat yoldaşım dünyasını dəyişəndə mənə başsağlığı vermişdi. Yeni baş məşqçi gəlib, nəticə verə bilməyəndə taktiki və fiziki hazırlıqdan şikayətlənərək, bütün günahı köhnə məşqçinin üstünə atır. Ümid edirəm ki, “Keşlə”də hər şey yaxşı olacaq, Ramiz Məmmədov uğur qazanacaq”.
 
Svanadze söhbət əsnasında “Keşlə”də daha bir müddət qalmaq istədiyini gizlətməyib: “5 nəvəm var. Daha vaxtımı onlarla keçirmək istəyirəm. İstirahət edəcəm, sonrasına baxarıq. Yorğun və bir qədər üzgünəm. Komanda üçün daha çox şey etmək istərdim. Nəzərə alaq ki, yanvarda transferlər edib, heyəti gücləndirə bilərdik”. 

Xəbər xətti