Svanadze: “Üç ildir şərlənməyə öyrəşmişik” MÜSAHİBƏ

17:05 - 2 Dekabr 2017

“Keşlə”nin sabiq baş məşqçisi Zaur Svanadzenin qardaşı oğlu, eyni zamanda, bu komandada əmisinin köməkçisi işləmiş Ramaz Svanadzemüsahibə verib.

 

Sportal.az xəbər verir ki, o, müsahibəsində həm son günlər danışılmış oyun xəbərləri ilə çalxalanan “Keşlə”dəki vəziyyətə, Mirhüseyn Seyidovla Nizami Hacıyevin həbs olunmasına münasibət bildirib, həm də haqqında səslənən ittihamlara cavab verib.

 

- Yəqin ki, Azərbaycan mətbuatını izləyirsiniz və “Keşlə” ilə bağlı yazılanlardan xəbərdarsınız. Bu komandada çalışdığınız sonuncu mövsümdə futbolçularda qeyri-adilik hiss etmisiniz?

- Biz heç vaxt belə şeylər haqda fikirləşməmişik. Bu komanda, bu futbolçularla çox çətinliklərdən keçmişik. Başqa heç nə deyə bilmərəm.

 

- Həm Nizamini, həm də Mirhüseyni yaxından tanıyırsınız. Onlardan bu cür hərəkət gözləmək olar?

- Son 2 gündə bu barədə xeyli sayda fərqli material oxumuşam. Mənim elə də geniş məlumatım yoxdur. Bütün bildiklərin sizin saytlardan oxuduqlarımdır. Bildiyimə görə artıq hər iki futbolçu ilə bağlı qərar qəbul olunub. Hər iki futbolçunun apellyasiya şikayəti vermək hüququ var. Əgər təmizə çıxsalar, buna sevinəcəm. Amma futbolda və həyatda mən təmizliyin tərəfdarıyam. Əgər günahları varsa, ona cəza məntiqlidir.

 

- “Keşlə” rəhbərliyi öz futbolçularından son 5-6 oyunun nəticəsinə görə şübhələnir. Hansı ki, həmin vaxt komandaya Zaur Svanadze rəhbərlik edirdi...

- İnanmıram ki, komanda son oyunların hamısında bilərəkdən uduzsun. Kimin faktı varsa, lazım olan yerə təqdim etsin. Əgər belədirsə, bunu hamıdan çox biz bilmək istəyirik. Çünki bizi məhz uğursuz nəticələrə görə komandadan göndərdilər.

 

- Sabiq komandanızda baş verənlərin səbəbini necə izah edərdiniz? Sizcə, bütün bunlar nəyə görə oldu?

- Bilmirəm. Açığı, deməyə söz tapmıram.

 

- Qalmaqalda sizin də adınız hallanır. İddiaya görə, Nizami Hacıyev Gürcüstanda “Keşlə”nin oyunlarına pul qoyuluşu edirmiş. Ona isə bu işdə siz köməklik göstərmisiniz...

- Bunu özüm və hədəfdə olan doğmalarım üçün təhqiramiz hesab edirəm. Bu cür söz-söhbətlərin haradan çıxdığını bilmirəm. Bir şeyi dəqiq bilirəm ki, Svanadze soyadı kimlərisə ciddi narahat edir. Bu, artıq bizim adımızı ləkələmək üçün başlanmış kampaniyadır. Özü də təkcə mənə aid deyil. Amma eybi yox, biz “Keşlə”də işlədiyimiz 3 il ərzində heç nədən, hətta sual belə olunmadan şərlənməyə öyrəşmişik. Bunu hamıya aid etmirəm. Əksinə orada bizim yaxşı dostlarımız da var. Son olaraq onu deyim ki, kimsə pul qoyuluşu edibsə, bunu bilmək çox asandır. Qoy, araşdırsınlar. Bu, bizim üçün də maraqlıdır.

 

- Az öncə qeyd etdiniz ki, Svanadze soyadı kimlərisə narahat edir. Zaur Axundovu nəzərdə tutursunuz? Çünki onun gəlişindən sonra sizinlə yollar ayrıldı.

- (Gülür). Yox, Axundovu nəzərdə tutmuruq. Bu cür hallar onun komandaya gəlişindən əvvəl olub. Hətta klubdan ayrılmağımıza baxmayaraq, indi də davam edir. (qol.az)

Xəbər xətti