“Keşlə” Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirir.
Sportal.az xəbər verir ki, komandanın yeni transferi Vaqif Cavadov Korner.az saytına müsahibə verib:
- Hər şey qaydasındadır. Özünüz də görürsünüz ki, gün ərzində iki dəfə məşq edirik. Yorğunçuluq var. Buna baxmayaraq, hamımız dərk edirik ki, çalışmaq lazımdır. Ümid edirik ki, əziyyətimiz yerdə qalmaz.
- Yorğunluqdan söz düşmüşkən, deyilənə görə yeni məşqçi əsasən, fiziki yükləmələrə üstünlük verir. Bu haqda nə deyə bilərsən?
- Hər bir məşqçinin öz taktikası var. Biz hamımız yaxşı bilirik ki, hal-hazırda fiziki gücün olmadısa, heç nə edə bilmərsən.
- Yəni normadan artıq deyil?
- Biz futbolçuyuq, nə deyirlərsə, onu da edirik.
- Uzun zamandır futbolun içindəsən, necə düşünürsən, yeni məşqçi və yeni transferlərlə “Keşlə” nəyə ümid edə bilər?
- Yuri Maksimov çox yaxşı məşqçidir. Futbolçularımız da iddialıdırlar. Çalışacağıq ki, bu çətin vəziyyətdə komandaya dəstək olaq və klub özünə gəlsin. Başqa variantımız yoxdur. Bütün söz-söhbətləri qırağı qoyub, təzə, ağ səhifədən başlayacağıq.
- Söz söhbətlər demişkən. Məlum hadisələrdən sonra, komandaya yeni gələn futbolçularda münasibət necədir? Abu-hava nə yerdədir?
- Mən o mənada demədim. Komandanın turnir cədvəlindəki vəziyyətini nəzərdə tuturdum. O ki, qaldı həmin söhbətlərə, biz yalnız irəliyə baxırıq. Həmin söhbətlərdə adı hallanan uşaqları da istərdim əhv etsinlər, lakin təəsüflər olsun ki, bizim əlimizdən heç nə gəlmir.
- Sən gedən futbolçuları da tanıyırdın və yeni gələnləri də görürsən. Necə düşünürsən, gedənlərin yerini gələnlər doldura biləcəklərmi?
-Bu haqda heç bir söz deyə bilmərəm. Hər kəslə münasibətim var. Futbol elə bir şeydir ki, bu gün bir klubdasan, sabah başqa. Ona görə də gedənlərə də uğurlar arzu edirəm, yeni gələn futbolçulara da.
- Vaqif, 6 ay futboldan kənar qaldın. Bu sənə formanı bərpa etməyə çətinlik törədəcəkmi?
- Yox, heç bir çətinlik yaratmadı. Gördüyünüz kimi hər şey qaydasındadır. Çox çalışmaq lazımdır və sübut etmək lazımdır ki, sən formadasan və əsas heyətdə oynamağa layiqsən.
- Azərbaycanda kifayət qədər tanınmış futbolçusan və çoxları səndən baxımlı futbol gözləyir. 6 ay futboldan kənarda qaldın və yeni geri dönmüsən. Bu səndə psixoloji gərginlik yaratmır ki?
- Heç vaxt yaratmayıb. Təcrübəm də var. Psixoloji baxımdan da heç bir problemim yoxdur. Ailəm yanımda, özüm də dərk edirəm ki, hazır olmaq lazımdır. Azarkeşlərə də deyirəm ki, Vaqif həmin Vaqifdir. Olan-olub, hal-hazırda bütün diqqətim “Keşlə” klubundadır.
- Uzun müddət millinin formasını geyinmisən. Yaxın zamanlarda millinin heyəti açıqlanıb. Bu haqda nə deyə bilərsən?
-Baş məşqçinin qərarıdır və hörmətlə yanaşmaq lazımdır. Prosineçkinin çağırmamaq fikiri var idi, lakin hər bir məşqçinin öz seçimi var. Qurban Qurbanov yeni təyin olunub və düşünürəm ki, ən doğru qərardır. Hər bir futbolçu da çalışıb ona dəstək olmalıdır. Çünki yerlidir və özümüzküdür. Mən özüm də inanıram ki, çox çalışsam və üzərimdə işləsəm milliyə dəvət alacam.
- “Keşlə”dən mövsümün ikinci yarısı üçün nə gözləyirsən və azarkeşlərə sözün nədir?
-İlk növbədə kuboku qazanmaq istəyirik. Əsas məqsəd budur. O ki, qaldı çempionata, orada da çalışacağıq ki, maksimum nəticə qazanaq. Azarkeşlərə demək istəyirəm ki, yeni komanda formalaşır və liderlər sırasına düşmək üçün əlimizdən gələni edəcəyik.
- Sən Azərbaycan Çempionatının 16 komanda olan zamanında da oynamısan. Necə düşünürsən, bugünki çempionatın 8 komanda olması yaxşı haldırmı?
- Bu bizdən asılı hal deyil. Komanda nə qədər çox olsa bizə xeyirdir. Nə qədər çox komanda olsa, o qədər maraqlı olar çempionat. Səkkiz komandanın səkkizi də çempionluğa oynasalar daha maraqlı olar məncə.
saytlarin hazirlanmasi