"Keşlə"nin baş məşqçisi Yuri Maksimov Topaz Premyer Liqasının XVI turunda "Kəpəz"ə səfərdə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib.
Sportal.az xəbər verir ki, ukraynalı mütəxəssis öncə matçı dəyərləndirib.
- İki bərabər səviyyəli komandanın oyunu idi. İkinci hissədə düşünürdüm ki, heç-heçə olacaq. Ancaq bəxtimiz gətirdi, qol vurduq. Həmkarımı təbrik edirəm. Yaxşı komanda yaradıb. "Kəpəz" layiqli oyun göstərdi. Öz futbolçularımı qələbə münasibətilə təbrik edirəm.
- İlk hissədə aqressiv idiniz. Futbolçularınızdan əsasən nədə narazı idiniz?
- Əzmkar oynamalarını istəyirdim. Süni qazondan təbii ot örtüyünə keçdik. Bu çətinlik yaradırdı və futbolçularımız həm rəqibə, həm də qazona qarşı mübarizə aparırdılar. Fiziki durumla bağlı problemimiz görünürdü. Son 30 dəqiqə "yatdıq", futbolçular çox qaçmadı.
- Pərdis Fərcad-Azadın yoxluğu səhhətində problem ilə bağlı idi?
- Bəli, oyun öncəsi 39,3 dərəcə hərarəti vardı. Buna görə məcbur olaraq taktikanı dəyişdik, bir hücumçu ilə oynadıq.
- Ehtiyatda Vaqif Cavadov və digər təcrübəli futbolçularımız olduğu halda, 3 gənc oyunçunu meydana buraxdınız. Bunu nəylə əlaqələndirərdiniz?
- Hesabdakı üstünlüyümüzü qorumalı idik. Bunun üçünsə meydanda gənc futbolçuların çox olması lazımdı. Çünki onlar durmadan qaçacaqlar. Ola bilər ki, Vaqif kimi təcrübələri olmasın, ancaq hərəkətlilik olacaq. Bizə isə qələbə hesabını saxlamaq üçün dinamika lazım idi.
- Andre Klennonu əvəzləyən Əlibəy Məmmədli yaxşı oynadı, məhsuldar ötürmə verdi. Onu gələcəkdə əsas heyətdə görə bilərik?
- Əlibəy əsas heyət oyunçumuzdu. O, ötən turda 90 dəqiqə oynamışdı. Bu dəfə Məmmədliyə istirahət verdik. Çünki gənc futbolçunu 90 dəqiqə oynatsaq, zədələnər, sıradan sıxar. Buna görə də bu gün start heyətdə, yarımmüdafiənin sol cinahında Məqsəd İsayevi oynatdıq.
- Qış transferiniz olan Klennnonu ikinci matçdı ikinci hissədə əvəzləyirsiniz. Onun oyunu niyə alınmır?
- Andredən yaxşı oyun gözləyirik. Ona oyun üslubumuzu, necə oynamaq lazım olduğunu başa salırıq. Ola bilər ki, uyğunlaşma problemi var. Yeni kluba dərhal adaptasiya olmaq çətindi. Klennona yenə ümidlər bəsləyirik. (Sport24.az)
saytlarin hazirlanmasi