Yuri Maksimov: "Kubokda nəticə qazanmağa çalışacağıq" MÜSAHİBƏ

17:50 - 7 Aprel 2018

"Bu gün hər iki komanda üçün yaxşı hava idi. Birinci hissədə oyun bizim tərəfdə idi. Lakin hissənin sonunda qapımıza bərabərlik qolu vuruldu. İkinci hissə bir qədər bərabər səviyyədə keçdi. Rəqib müdafiədə oynamağa çalışırdı. Fikrimcə, oyun azarkeşlərin xoşuna gəldi. Ümumilikdə oyunu normal qiymətləndirirəm".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Yuri Maksimov Topaz Premyer Liqasının 22-xi turunda "Kəpəz"lə 1:1 hesablı heç-heçədən sonra deyib. Ukraynalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

 

- Klub prezidenti Zaur Axundovu sizi aldatmaqda ittiham etmisiniz. Bu barədə nə deyə bilərsiniz?

- Xahiş edirəm, oyun barədə soruşun.

 

- "Kəpəz"in heyətində Dario Frederiko daha fəal idi. İkinci hissədə ona diqqət yetirməyi tapşırmışdınız?

- Oyundan əvvəl Dario və Vinçesterə xüsusi diqqətlə yanaşmalarını tapşırmışdım. Xüsusən, Frederikonun sürətli oyunçu olduğunu bilirdik. Bir səhv oldu, qapımıza qol vuruldu. Sağ cinah müdafiəçisi və dayaq yarımmüdafiəçisi səhvə yol verdi.

 

- Zədəli Kamran Ağayevin durumu necədir?

- Hələ bilmirəm. Bu, həkim rəyindən asılı olacaq.

 

- Son oyunlarda "Keşlə" xallar toplamağa başlayıb...

- Futbolçularıma iradım yoxdur, tavan deyilən bir anlayış var. Oyundan-oyuna fərqi hiss edirəm. Futbolçularımdan maksimumu almağa çalışıram.

 

- Azərbaycan Kubokunda finala yüksəlmək şanslarınızı necə dəyərləndirirsiniz?

- Əlbəttə, şans var. Bəs biz nə üçün işləyirik? Kubokda nəticə qazanmağa çalışacağıq.

 

- Futbolçular nə qədər maaş alırlar ki, onların bu cür çıxışlarına haqq qazandırırsınız?

- Bu barədə heç nə deyə bilmərəm (report.az).

Xəbər xətti