Mladen Milinkoviç: “Keşlə” özünə gələcək”

23:55 - 18 Avqust 2018

 “Hər iki komanda üçün yaxşı oyun oldu. Öz komandamdan razıyam”.

 

Sportal.az saytının məlumatına görə, bu sözləri “Keşlə”nin baş məşqçisi Mladen Milinkoviç deyib. Paytaxt təmsilçisi Topaz Premyer Liqasının II turunda səfərdə “Zirə” ilə heç-heçə edib - 2:2. Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən serbiyalı məşqçi fikirlərini bildirib:

 

- Hesabda geridə olsaq da, oyunda dönüş yaratmağı bacardıq. İlk qol oyunun axarına təsir göstərdi. Buraxdığımız qoldan sonra topa nəzarət etməyə başladıq, amma yenə qol buraxdıq və bu, çətinlik yaratdı. Fasilədə uşaqlara dedim ki, ilk 15 dəqiqədə qol vursaq, xallar qazana bilərik. Vurduğumuz ilk qoldan sonra daha yaxşı oynamağa çalışdıq. “Zirə” yaxşı komandadı, qələbə qazanmaq üçün şansları oldu. İkinci hissədə oyuna nəzarət edən tərəf biz idik. Deyərdim ki, komandada irəliləyiş var. İlk oyundan sonra futbolçulara demişdim ki, komanda özünə gələcək və bunun ilk hissəsini bu gün gördük. Bu gün qazanılan xal bizim üçün çox önəmli idi.

 

- İlk oyunla müqayisədə heyətdə 5 dəyişiklik etmisiniz və həmin futbolçuların bir hissəsi komanda ilə birgə Türkiyə toplanışında iştirak etməyiblər.  Bu, sizin üçün risk deyildi?

- Futbol risklərdən ibarətdir.  Amma mən bəzi dəyişikliklər etməyə məcburam. Oyunçuları tez-tez dəyişməyi xoşlamasam da, futbolçuları tanımağa çalışıram. Heyət dəyişikliyini də bununla əlaqələndirərdim. İlk oyundan sonra danışırdılar ki, “Keşlə”də sistemi dəyişmişəm. Amma bu dəyişikliyin heç bir fərqi yoxdur. Əsas odur ki, komandada sistem olmalı, futbolçular bir-birini tamamlamalıdır.

 

- Vaqif Cavadov son zamanlar özünə bənzəmir. Onu meydana buraxmağınız səhv addım deyildi?

- Vaqif yaxşı futbolçudur. Amma bəzi şanslar yarandı, istifadə edə bilmədi. Cavadovu heç kimdən ayırmıram. Deməzdim ki, komandada ulduz futbolçu var. Sezar Meza Kolli fərqlənirdi, o da artıq sıralarımızda deyil.

 

- Bugünkü oyunun ən yaxşılarından olan Pərdis Fərcad-Azad ötən mövsümü “Keşlə”də keçirib. Onu itirdiyinizə görə peşman deyilsiniz?

- Heç nəyi dəyişmək mümkün deyil. Pərdisin ötən oyununa baxmışdım. İstərdik ki, komandamızda olsun. Pərdis “Keşlə” və “Zirə”də yox, daha yaxşı komandalarda oynamağa layiqdir.

Xəbər xətti