"Çempionatlarının davam etməsi HİK-i "Neftçi"dən üstün göstərə bilər, amma mərhələni biz keçəcəyik"

"Neftçi"nin veteran futbolçusu Ruslan Abbasov Sportal.az saytına müsahibə verib:


- "Neftçi" dünən Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda "Helsinki"yə qarşı çətin anlar yaşadı və sonda bərabərliyə razılaşdı. Matçdan öncə "Neftçi" üçün bu cür çətin olacağını gözləyirdin?
- Əlbəttə ki, "Neftçi"nin "Helsinki" ilə görüşünün çətin olacağını bilirdim. Çünki Finlandiya çempionatı neçə turdur ki, davam edir. Azərbaycan Premyer Liqası isə heç start götürməyib. Bu da önəmli faktordu. Rəqibin fiziki cəhətdən hazır olacağını düşünürdüm. Belə də göründü. 


- "Neftçi"nin Finlandiya çempionuna qalib gələ bilməməsi məhz bununla bağlıdı?
- Düzünü deyim, oyuna ilk dəqiqələrdən baxa bilmədim. Amma oyunun ortalarından baxmağa başladım. HİK fiziki cəhətdən bizdən üstün görünürdü. Bunu meydandakı mübarizədən də görmək mümkün idi. Elə ona görə də “Neftçi” çətinlik çəkdi.

 

- Onda belə çıxır ki, HİK gözlədiyin kimi güclü çıxdı, yoxsa daha da güclü gözləyirdin?
- Mənim şəxsi fikrim budu ki, Finlandiya çempionatı elə də güclü deyil. Oradakı klubları da elə də güclü hesab etmirəm. Sadəcə bugünki gündə vəziyyət elədir ki, onlarda liqa davam edir, biz başlamamışıq. Ona görə də HİK fərqli görünürdü. “Neftçi”dən üstün görünə bilər. Amma dediyim kimi Finlandiya çempionatını, klublarını elə də güclü hesab etmirəm.


- Bəs sırf "Neftçi"dən danışası olsaq, bu komandanın əsas problemi mövqeyi, axsayan tərəfi hansıdı?
- Bugünki gündə axsamaların görünməsi, zəif mövqelərin görünməsi də oyun azlığındandı. Doğrudu, problemlər çoxdu. Bizdə hələ liqa başlamayıb. Ona görə də “Neftçi”nin zəif mövqeləri görünür. Orta sahə yaxşıdı. Namik Ələsgərov oynasaydı, lap gözəl olardı. Bir az zəif görünməyimizin səbəbləri odur ki, çempionata hələ hazırlaşırıq, finlər isə oynayırlar.


- Matçın 2-2 hesabı ilə başa çatması, səfər oyunu öncəsi səndə inam yaradır ki, "Neftçi" mərhələ adlayacaq?
- Mən inanıram ki, "Neftçi" "Helsinki"ni keçəcək. Bilmirəm, hardandı bu rahatlıq, amma mən belə hiss edirəm. Səfər qolunun önəminin itirməsi bizə sərf etdi. .


- Yeni transferlər özünü doğruldu?
- Sezar Meza Kollini tanıyırıq əvvəlcədən, o, komandaya xeyir verəcək. Bugünki gündə xeyir də verir. Digərləri haqda indidən, 1-2 oyun keçəndən sonra nəsə demək doğru olmaz, tezdi. Yeni mühitə, komandaya. komandanın oyun planına uyğunlaşmaq lazımdı. Ümid edirəm ki, "Neftçi" transferlərdə yanılmaz və yenilər komandaya xeyir verər. Allah qoysa, "Neftçi" Finlandiyadan yaxşı oyun və yaxşı nəticə ilə dönər.

Tarix: 4 Avqust [14:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23  Sentyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio