"Dinamo"da yeganə problemim Ante Çaçiç idi, münasibəti ilə məni çox təəccübləndirmişdi"

15:31 - 3 İyun 2023

Azərbaycan milli komandasının və "Dinamo"nun (Zaqreb) futbolçusu Mahir Emreli Xorvatiya mətbuatına müsahibə verib. Sportal.az xəbər verir ki, "Germanijak"a danışan Emreli Zaqrebdən ayrılmasının Ante Çaçiçə görə olduğunu deyib. 

- Statistika göstərir ki, “Konyaspor”da 10 matçda bir qol vurmusan...

- Mən durumdan razıyam. Statistikalar hər şeyi çox göstərmir. Bilirəm ki, forvardların çıxışında çox vaxt rəqəmlərə baxırlar. Amma mən onlardan deyiləm. Çətin vaxtda gəlsəm də, burada yaxşı oynadığımı düşünürəm. Komanda ilə məşq etmədim və Türkiyədə baş verənlərə görə atmosfer pis idi, uyğunlaşmaq asan deyildi. Bundan başqa, burada qəribə qrafik var, əvvəlcə bir oyun oynayırsan, növbəti oyun isə təxirə salınır. Deyə bilmərəm ki, bu, karyeramın ən yaxşı mövsümüdür, ondan uzaqdır və statistikaya baxsanız, bəlkə də ən pis mövsüm adlandırarsınız. Amma mən müntəzəm, özü də yaxşı liqada oynayıram və bu baxımdan xoşbəxtəm. 

- "Dinamo"ya qayıdacaqsan, yoxsa “Konyaspor” transfer hüququna sahib çıxacaq?

- İndi həqiqətən heç nə bilmirəm. Qarşıda bizi daha iki tur gözləyir, ardınca millinin düşərgəsinə yollanacam, sonra bütün variantlara açıq olacam. Bu, təkcə məndən asılı deyil. “Dinamo”dan hələ heç kim mənə zəng etməyib. Düşünürəm ki, menecerimlə “Dinamo” arasında danışıqlar yaxın həftələrdə başlayacaq, sonra daha çox şey biləcəyik. Komanda yoldaşlarımdan eşidirəm ki, yeni məşqçinin gəlişi ilə çox şey dəyişib, ab-hava yaxşılaşıb. Ümid edirəm ki, bu doğrudur. Çünki o dövr qəribə idi və deyə bilərəm ki, o vaxt “Dinamo”dan kədərli ayrıldım.

- Zaqrebdə probleminiz nə idi? “Dinamo”nu niyə tərk etdin?

- Yeganə problemim baş məşqçi Ante Çaçiçdi. Qalan hər şey mükəmməl idi, mən Zaqrebdəki həyata, komandaya, komanda yoldaşlarıma çox tez uyğunlaşdım, şəhərin həzzini yaşadım. Mən də bir az xorvat dili öyrəndim, başa düşürəm, danışmaq bir az çətin olsa da, amma ünsiyyət qura bilirəm. “Dinamo”ya qarşı heç bir kinim yoxdur, futbol hissəsi istisna olmaqla, hər şey müsbət idi.

- Ante Çaçiçlə aranızda nə problem var idi?

- Mənə olan münasibəti ilə çox təəccübləndim. Əvvəldən başlayaq. Çempion titulunu qazandıqdan sonra məşq zamanı zədələndim və Çaçiç yanıma gələrək “Ludoqorets”lə görüşdə mənə ehtiyacı olduğunu və bərpa olunmağımı istədiyini bildirdi. Zədəmi sağaltdım, sağaldım, amma həmin oyunda oynamadım. Sonra yenə mənə ona lazım olduğunu dedi, amma 10-15 dəqiqə oynadım, sonrakı üç görüşdə isə tamamilə ehtiyat oyunçular skamyasında qaldım. Baxın, mən realistəm, futbolun nə olduğunu və hər məşqçinin öz baxışı olduğunu bilirəm, bununla bağlı heç bir problemim yoxdur. Mən ondan mənimlə danışmasını xahiş etdim və ondan mənə güvəndiyini, Bruno Petkoviç, Drmiç və ya Şpikiçin əvəzləyicisi olduğumu dediyini gözləyirdim. Hətta ikinci variantla da razılaşardım, çünki bir daha deyirəm, futbolda belə hallar normaldır. Amma o, bu barədə heç nə demədi və yalnız: “məşq et, işlə, daha da yaxşı ol, oynayacaqsan” cümlələrini söylədi. Və səbirlə şansımı gözlədim. Yaxşı hazırlaşdım, xatırlayıram ki, bəzi KİV-lər toplanışın ən yaxşı oyunçusu olduğumu və yazda vacib oyunçu olacağımı yazmışdılar. Amma belə olmayacağını tez başa düşdüm. Antenin 11 oyunçudan ibarət öz heyəti var idi və o, heç vaxt bunu dəyişmirdi. Yenə ondan mənimlə danışmasını xahiş etdim və dedim ki, “Mən məşq edirəm və hər şey yaxşıdır, lakin yenə oynamıram. Əgər planlarınıza daxil deyiləmsə, mənə deyin, ayrılım, problem yoxdur”. O cavab verdi ki, mən məşq etməyə və inkişafa davam etməliyəm. Oynamasam, necə inkişaf edə bilərəm? Mən də ona ayrılmaq istədiyimi dedim. Mənə dedi ki, “Hansı komanda “Dinamo”dan yaxşıdır ki, orada oynamağı planlaşdırırsan? Mən sənə “Stemford Bridge”də “Çelsi”yə qarşı oynamaq şansı verdim, daha nə istəyirsən?”. Mən ona cavab verdim ki, beş il əvvəl “Stemford Bric”də “Qarabağ”ın heyətində “Çelsi”yə qarşı oynamışam və indi xoşbəxtlikdən göyün 7-ci qatında olmalıyam? O vaxt mənim yalnız bir təklifim var idi - “Konyaspor”dan. Türkiyədə “transfer pəncərəsi” hələ açıq idi və mən ayrılmaq qərarına gəldim. Ante Çaçiç öz münasibəti ilə məni şoka saldı. Düşünməyin ki, mən sırf oynamadığına görə küsən, indi isə keçmiş baş məşqçisini tənqid edən futbolçulardanam. O, paltardəyişmə otağında “siz böyük klublar, top 5 liqa səviyyəsində deyilsiniz” sözləri ilə müraciət etdiyi komandanın digər önəmli oyunçularından da bunu soruşa bilərsiniz. Ona görə də kimsə məni səhv başa düşməsin deyə, məyusluğum və kədərimin komandanın özü ilə heç bir əlaqəsi yoxdur. “Dinamo”dan təklif alanda bir saniyə belə düşünmədim. Bu, böyük klubdur, karyeramda irəliyə doğru bir addım olduğunu bilirdim. Ola bilsin ki, “Dinamo” o “böyük klublar”dan biri deyil, amma zəng gələndə çox düşünmək lazım olmayan komandalardan biridir. Azərbaycandan Türkiyə liqasını yaxından izləyənlər üçün böyük klublar “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş” hesab olunur. Bu baxımdan, məsələn, “Dinamo” bizim üçün “Ayaks” kimidir. Zaqrebdəki karyeram yaxşı təcrübədir. Mən böyük oyunçularla oynadım və məşq etdim, qürur duyurdum, onları dünya çempionatında izləyirdim, onlara azarkeşlik edirdim. 

- Çaçiç artıq "Dinamo"dan ayrılıb. Xorvatiyaya qayıtmağınız baş tuta bilər?

- Yenə deyirəm, bundan sonra nə olacağını hələ bilmirəm, hər şey tezliklə məlum olacaq. Hər şey məndən asılı deyil, burada üç tərəfin fikri olmalıdır və biz həll yolunu tapmalıyıq. Azarkeşlərin bizi necə dəstəklədiyini tez-tez xatırlayıram. “Bad Blue Boys” oyunlara gəlirdi və atmosfer yaxşı idi.

- Yeri gəlmişkən, Türkiyədəki komanda yoldaşların arasında Domaqoy Paviçiç, Robert Muriç və Niko Rak var...

- Əla oyunçular və uşaqlardır. Biz hər zaman ünsiyyət qururuq, xorvat dilində danışırıq və mən sizin dilinizi getdikcə daha çox başa düşürəm. Mən bu biliyi Zaqrebdə almışam, “Dinamo”ya qarşı nə deyə bilərəm? Paviçiç hazırda zədəlidir, lakin Muriç, xüsusən də Rak kimi yaxşı oyunçudur. “Konyaspor”a keçid onun üçün yaxşı addım oldu, onun böyük potensiala malik futbolçu olduğunu özünüz də görürsünüz. Düşünürəm ki, o, burada öz izini qoyacaq və “Konyaspor”a çox faydalı olacaq.

Mirbağırağa

Xəbər xətti