Qubada qaranlıq qalan epizod - Kamal Umudlu VAR-da nə gördü?

14:30 - 4 Dekabr 2025

"Sabah" Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinə adladı. Valdas Dambrauskasın komandası əlavə vaxtda "İmişli"ni mübarizədən kənarlaşdırdı. 

Ölkə kubokunun son qalibinin mərhələ adlaması gözlənilən idi. Hərçənd naqolay rəqibə qarşı oyun rahat keçmədi. "Sabah" bir neçə yüz faizli qol imkanını qaçırmaqla çətinliklə üzləşməli oldu.

"Sabah" mərhələni keçdiyi üçün bu oyunda yaşanmış bir epizodun üzərindən sakitliklə keçildi. Amma matçın 89-cu dəqiqəsində "Sabah"ın qapısına verilən penalti ciddi araşdırma mövzusu olmalıdır Hakimlər Komitəsi üçün. 

"Sabah"ın cərimə meydançasında yaranmış qarışıqlıq zamanı topun Umarali Raxmonaliyevin əlinə dəyməsi şübhəsi yaranır. "Sabah"lı futbolçunun əli açıq olduğundan toxunuş kifayət qədər real görünür. Matçın baş hakimi Kamal Umudlu davam işarəsi versə də, Fərid Hacıyev onu VAR-a çağırır. 

Həmin epizod dəfələrlə CBC Sport-un efirində də yayımlandı. Lakin təkrarlarda topun Raxmonalinin əlinə yox, başına dəyməsi təəssüratı yarandı. Zərbənin gücündən Umaralinin başının arxaya getməsi də bu ehtimalı artırır. Lakin Umudlu fərqli gördü bu epizodu. Belə görünür ki, VAR-da əyləşən Fərid Hacıyev də bu qənaətdə olub və həmkarının qərarına təsir eləyə bilib.

Qeyd edək ki, Qubada keçirilən "İmişli" - "Sabah" matçı qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

Xəbər xətti