Mövsümün uğurlu transferləri – Dario Federiko

13:25 - 3 May 2016

"Demək olar ki, bütün klublarımız onu transfer etməkdə maraqlıdır"

 

Klublarımızın bu mövsüm gerçəkləşdirdiyi ən uğurlu transferlərlə ilə bağlı yazılarımızı davam etdiririk. Sportal.az bu dəfə “Kəpəz”in braziliyalısı Dario Federikonu təqdim edir.

 

Çempionata yaxşı başlayan “Kəpəz”in heyətində 10 nömrəli futbolçu baxımlı oyunu ilə az qala hamının diqqətini çəkmişdi. Dario ortaya elə bir oyun qoyurdu ki, onun “Kəpəz” üçün tapıntı olduğunu deyirdilər. Lakin Dario Gəncə klubuna yalnız 12 tur kömək edə bildi. AZAL-la səfər oyununda zədələnən braziliyalı o vaxtdan bəri zədəsini sağaltmaqla məşğuldur. Buna baxmayaraq, onu mövsümün ən uğurlu trasferlərindən hesab etmək olar. Çünki Dario meydanda olduğu oyunların əksəriyyətində “Kəpəz”in ən yaxşısı olub.

 

Dario Federiko kimi səviyyəli futbolçu “Kəpəz”də menecer Vaqif Heydərlinin sayəsində peyda olub. Vaqif bəy onun keçidi ilə bağlı maraqlı məqamlara aydınlıq gətirdi:

 

“Darionu bura gətirməmişdən 6 ay qabaq onu mənə təklif etmişdilər. “Wyscout”, “InStat” vasitəsilə onun oyunlarına baxırdım. İki oyununu da meydandan izləmışdim. Amma həmin vaxt onun klubu ilə daha bir illik müqaviləsi olduğu üçün Darionu bura gətirmək çətin idi. Lakin elə oldu ki, onun çıxış etdiyi Portuqaliyanın ikinci liqa klubu “Trofense” daha aşağı liqaya yuvarlandı. Müqavilədə yer alan müvafiq bəndə əsasən, klub aşağı liqaya yuvarlandığı üçün Dario oranı sərbəst şəkildə tərk etdi.

 

Ona izah elədim ki, Azərbaycana gəlib birbaşa güclü kluba düşməsi çətin olacaq. Məsləhət gördüm ki, ortabab kluba gəlsin və özünü yaxşı göstərə bilsə, daha yaxşı kluba keçsin. Onun razılığını alandan sonra oturub təhlil etdim ki, hansı klubda daha çox oynamaq şansı var, hansı kluba daha yararlı olar. Və onu “Kəpəz”ə təklif etdim. Şahin Diniyev onun çıxışlarını izlədi və Darionu komandasına götürdü”.

 

 

 

Dario Federiko səviyyəli futbolçu olsa da, aşağı məbləğə oynayır. Bu məsələ ilə bağlı da Vaqif Heydərlinin fikirlərini öyrəndik:

 

“Dario bəlkə məndən də yaxşı bilir ki, kim hansı komandada nə qədər alır, onun real qiyməti nədir. Çünki indi elə bir zəmanədir ki, hamı hər şeydən məlumatlıdır. Onun hələ “Kəpəz”lə daha bir illik müqaviləsi qalır. Demək olar ki, bütün klublarımız onu transfer etməkdə maraqlıdır. Eyni zamanda ölkə xaricindən də onun üçün təkiflər almışam. Lakin zədə...

 

İnanıram ki, o sağalandan sonra yenə yaxşı oyun sərgiləyəcək və yeni-yeni təkliflər alacağıq. Biz də çalışacağıq ki, hamını razı salacaq şəkildə bu məsələni həll edək, çünki “Kəpəz”in onun üzərində əməyi böyükdü”.

Xəbər xətti