Franko Lerda: "Qarabağ"a hörmət edirik, ancaq özümüzə güvənirik"

21:59 - 9 İyul 2019

Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ı qəbul edəcək Albaniyanın "Partizani" klubunun baş məşqçisi Franko Lerda fikirlərini bölüşüb.

 

Sportal.az supersport.al-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis mətbuat konfransında suallara cavab verib. 51 yaşlı mütəxəssis start heyəti və taktiki gedişi müəyyən etmədiyini deyib:

 

- Ağlımda hansısa fikir var. Son dəqiqəyə kimi bəzi şübhələrim ola bilər. Necə oynayacağımızı çox az bilirəm, ya da heç bilmirəm. Lyorents Traşi oynayacaqmı? O komandamızın bir parçasıdır. O, bu matçda oynayacaq. Hücumçumuz çoxdur, amma hamısı hazır deyil. Çünki fiziki cəhətdən çatışmazlıq var. Eneo Bitrinin də oynamaq şansı olacaq. Gənc futbolçular start heyətdə oyuna başlamasalar, gələcəkdə başqa matçlarda çıxış edəcəklər.

 

- "Partizani"nin zəif cəhəti hansıdır?

- Biz güclü komandayıq. Son ölkə çempionu olmuşuq. Bu, bizim üçün qürur qaynağıdır. "Qarabağ" zəif nöqtələrimizi tapmalıdır. Komandamızda tanınmış futbolçular var. Üç həftə dayanmadan məşq etmişik və oyuna hazır vəziyyətdə çıxacağıq.

 

- "Qarabağ"ın güclü nöqtəsi nədir ki?

- "Qarabağ"ı çox izləmişəm, onları tanıyırıq. Çox güclü olduqlarını bilirik. Ardıcıl altı dəfə ölkə çempionu olublar. Meydanın mərkəzində keyfiyyətli futbolçuları var. Braziliyalı, ispaniyalı futbolçuları güclüdür. "Qarabağ"a hörmət edirik, ancaq özümüzə də güvənirik. 

 

- Sürpriz gerçəkləşə bilər?

- İlk oyunu izləyək, sonra baxacağıq. Hər şey oyunun gedişindən asılı olacaq. Sabah çox vacib oyundur. İlk oyunda yaxşı nəticə qazanmaq vacibdir. Cavab görüşü də ilk matçdan asılı olacaq.

Xəbər xətti