Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçında Bakıda “Qarabağ”ın qonağı olacaq Albaniyanın “Partizani” klubunun baş məşqçisi Franko Lerdanın oyun öncəsi mətbuat konfransı keçirilib.
Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Albaniya mətbuatı yazır ki, “Partizani” penaltilər seriyasına hazırlaşır. Ümidinizi yalnız buna bağlamısız?
- Penaltilər seriyası oyunun gedişatından asılıdı. Təbii ki, matç 0:0 olsa, buna ehtiyac olacaq. Ona görə də, bəli, penaltilərə də hazırlaşmışıq.
- “Qarabağ”ı keçə biləcəyinizi real görürsüz?
- Bura turist kimi gəlməmişik. Sabah var gücümüzlə çıxış edəcəyik. Yaxşı nəticə qazanmağa çalışacağıq. Bunun üçün əlimizdən gələni edəcəyik.
- Futbolçularınız çox iddialı danışır. Məqsəd rəqib üzərində psixoloji təzyiq yaratmaqdı, yoxsa həqiqətən də inam var?
- Əmin deyilik ki, sabah qalib gələcəyik. “Qarabağ” elə klubdu ki, büdcəsi bizdən qat-qat çoxdu. Ancaq bu futboldu, sabah hər şey ola bilər.
- İlk matçdan sonra “Qarabağ” barədə nə düşünürsüz?
- İlk oyun “Qarabağ” haqda bildiklərimizi təsdiqlədi. Rəqib çox güclüdü. Futbolçuları təkbətək mübarizələrdə yaxşı mübarizə aparır. “Roma” ilə matçda da bu komandanı izləmişdim. İlk qarşılaşma fikirlərimi təsdiqlədi.