Medianın İnkişafı Agentliyinin tövsiyələrinə əsasən Sportal.az saytının redaksiyasında “Redaksiya siyasəti və peşə etikası qaydaları” mövzusunda müzakirələr olub.
Sportal.az saytının təsisçisi və baş redaktoru Emin Abbasov əməkdaşlarla söhbətində bu mövzularda diqqətli olmağın, peşə etikası qaydalarına həmişə əməl etməyin vacibliyini bildirib. MEDİA-nın bu tövsiyəsini peşəkarlığın artırılması baxımından yüksək qiymətləndirib. O, qeyd edib ki, sosial şəbəkələrin ənənəvi medianı üstələdiyi bir vaxtda peşə etikasının arxa plana keçməsi halları müşahidə olunmaqdadır. Bu problemin həllində həm media rəhbərləri, həm də jurnalistlər öz məsuliyyətlərini anlamalıdırlar. Peşə etikasına riayət etmək redaksiya siyasətinin tərkib hissəsi olmalıdır: “Blogerliklə məşğul olan və sosial şəbəkələrdə ictimai aktivlik göstərən şəxslərlə müqayisədə jurnalistlər daha peşəkar olmalı, peşə etikasını mütləq gözləməlidirlər. Çünki sosial şəbəkə aktivistləri bu işlə həvəskar səviyyədə məşğul olur, amma bizim üçün jurnalistika peşədir, həm də ali peşə. Bu mənada seçdiyimiz peşənin – jurnalistikanın təməl prinsiplərindən biri olan peşə etikası qaydalarına riayət etmək vacibdir.”



