"Turan Tovuz"un baş məşqçisi: "Premyer Liqa elə-belə yer deyil, istədiyimiz kimi çıxış etmək üçün səfərbər olmalıyıq"

14:21 - 6 May 2022

"Komandanın Premyer Liqadakı iştirakının rəsmiləşməsi sevindirici xəbərdi. Tovuz camaatı bu xəbəri çoxdan gözləyirdi. Hamımız üçün sevindirici oldu. Futbol adət-ənənəsi bölgənin Premyer Liqaya qayıtması çox xoş haldı. Futbolumuzun inkişafı üçün önəmli addımdı".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Turan Tovuz"un baş məşqçisi Əfqan Talıbov deyib.

Təcrübəli mütəxəssis komandasının yeni mövsüm üçün Premyer Liqada iştirakının rəsmiləşməsi haqda danışıb. Onun sözlərinə görə, yüksək liqada istədikləri kimi çıxış etmələri üçün yaxşı kollektiv yaratmaq lazımdı:

"Premyer Liqa üçün işlər başlayacaq. Təbii ki, yüksək liqada "Turan Tovuz"a layiq oyun nümayiş etdirmək istəyirik. Fanatlarımızın arzusunu həyata keçirmək üçün güclü birliyə ehtiyacımız var. Klub rəhbərliyi ilə görüşüb danışacağıq. Hər halda Premyer Liqa elə-belə yer deyil, orada istədiyimiz kimi çıxış etmək üçün yaxşı səfərbər olmalıyıq. Gözəl kollektiv yaratmalıyıq".

Sonda isə Talıbov "Turan Tovuz"u 2022/2023 mövsümündə çalışıdırıb-çalışdırmayacağına aydınlıq gətirib: "Klubda mənə yaxşı münasibət var. Özünüz də bilirsiz, həm baş məşqçiyəm, həm də klubun Müşahidə Şurasında yer almışam. Təbii ki, rəhbərliyin qərarından, toplantı zamanı veriləcək rəylərdən sonra hər şey dəqiqləşəcək. Məsləhət bilsələr, baş məşqçi postunda çalışacam".

Xəbər xətti