Bədavi Hüseynov: "Yenidən Çempionlar Liqasının qrupuna düşməyi çox istəyirik" - MÜSAHİBƏ

12:56 - 7 May 2022

“Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov Sportal.az saytına müsahibə verib. 

 

- Komanda son turda “Sabah”la 1:1 oynayaraq ölkə çempionluğunu rəsmiləşdirdi. Meydanda 10 nəfərlə qaldıqdan sonra rəqibə qarşı oynamaq çətin görünürdü?

- Oyun çox maraqlı alındı. Yaxşı başlamışdıq, çox qol epizodu yaratdıq. Meydanda azlıqda qalana qədər isə diqtə edən tərəf biz idik. Qırmızı vərəqədən sonra yerdəyişmələr etməyə məcbur idik. Amma uşaqlar sona qədər fədakarcasına oynadı və istədiyimiz nəticəni əldə etdik.

 

- Bir il bundan qabaq “Neftçi” çempion olmuşdu. O vaxtdan bu yana nə dəyişdi? Həmin periodu necə keçirmişdiniz?

- Təbii ki, çempion ola bilmədiyimizə görə üzülmüşdük. Amma bu, nəticəni daha da yüksəltmək üçün, daha çox işləməli olduğumuza yaxşı dərs oldu. Şükür Allaha biz yenidən çempion olduq. Mövsümboyu çox motivasiyalı idik. Komanda daxilində yaxşı rəqabət var idi. Bu da öz nəticəsini verdi.

 

- Bu, sənin “Qarabağ”dakı 8-ci çempionluğun oldu. Hansı çempionluq daha çətin alınmışdı?

- Bu cür gözəl klubun bir parçası olduğum üçün şadam. Hər bir çempionluq mənim üçün dəyərlidi. Yaş ötdükcə daha da qiymətlənir. İlk çempionluğumuzu çox yaxşı xatırlayıram. Biz 20 ildən sonra çempion olmuşduq. Ona görə də futbolda belə anları qiymətləndirmək lazımdı. Çünki, nəyin necə olacağını, karyeranda bir daha çempion olub-olmayacağını bilmirsən.

 

- İnsanlar tez-tez əvvəlki və indiki “Qarabağ” arasında müqayisələr aparır. Səncə, necədi?

- Müqayisə aparmaq çətindi. Çünki, hər periodda komandada fərqlənən güclü futbolçular olub. Ən əsası isə biz çempion olurduq. Mənə elə gəlir ki, əsas olan bizim öz fəlsəfəmizin olmasıdı. Hansı ki, biz ildən-ilə təkrar edib, bunu təkmilləşdirməyə çalışırıq.

 

- Demək olar ki, bu mövsüm sənin üçün daha çətin keçdi? Çünki zədələr tam oynamağına imkan vermədi...

- Bəli, demək olar ki, karyeramdakı ən çətin mövsümü idi. Amma bu, işimizin bir hissəsidi. Heç vaxt ruhdan düşmədim. Şükür Allaha indi özümü yaxşı hiss edirəm. Komandaya kömək etməyə də hazıram.

 

- Ölkə kubokunun finalında “Zirə” ilə qarşılaşacaqsınız. Komanda “qızıl dubl” edə biləcək?

- Finalda şansların bərabər olduğunu düşünürəm. Həqiqətən də bu oyuna ciddi yanaşmaq lazımdı. Biz “Zirə”nin “Neftçi”ni necə intizamlı oynayaraq məğlub etdiyini gördük. Hazırda bizim üçün əsas məsələ mövsümün sonuna qədər eyni oyun tempini qoruyub, rahatlaşmamaqdı.

 

- “Qarabağ”ın 2022/2023 mövsümündə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması mümkündü?

- Təbii ki, biz yenidən Çempionlar Liqasının qrupuna düşməyi çox istəyirik. Bunun üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Amma bu haqda danışmaq tezdi. Qarşıda bizi ölkə çempionatın oyunları və kubokda final görüşü gözləyir.

 

- Son oyunlarda “Qarabağ” rəqiblərinə çox qol vurur, komanda qarşısıalınmazdı. “Qarabağ”ın rəqabətsiz çempion olması özü üçün də pisdi?

- Hər mövsüm danışırıq ki, rəqabət yoxdu.Amma ötən mövsüm göstərdi ki, əgər biz rəqibə inam versək, çox xal itirə bilərik. Komandanın Konfrans Liqasında pley-off mərhələsinə vəsiqə qazanması komandaya daha da böyük inam verdi. Biz hər oyunda qələbə qazanmağa çalışdıq.

 

Xəbər xətti