"Finalda "Qarabağ"ı favorit saymaq düzgün olmaz, şanslar bərabərdi"

15:33 - 11 May 2022

"Qarabağ"ın gücü, stabiliyi çempionatın əvvəlindən məlum idi. Cəmi bir dəfə uduzdular, o da "Səbail"lə görüşdə. Hər halda onda da "Qarabağ" arxayın idi deyə, uduzdu. Belədə, Qurban Qurbanovun komandası bütün rəqiblərdən üstün idi, çempionat boyu da bu, açıq-aşkar göründü".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Elşən Məmmədov deyib.

Ağdam klubunun formasını geyinmiş veteran futbolçu "Qarabağ"ın yeni mövsüm Çempionlar Liqasının qrup mərhələsinə düşmək şanslarını da dəyərləndirib: "Sözsüz ki, "Qarabağ"ın yenidən ÇL-in qrupuna düşməsi azarkeşlər üçün xoş olardı. Onlar artıq Bakıda bu mötəbər turnirin himnini səsləndirməyə müvəffəq olub. Tək “Qarabağ” yox, digər komandalarımızın da ÇL-in qrupuna düşməsini arzulayırıq. "Qarabağ"ın şansı var, amma heyət güclənməlidi. Hər halda Azərbaycan çempionatı və Çempionlar Liqası tam başqa səviyyədi. "Qarabağ" Çempionlar Liqasının qrupuna düşmək istəyirsə, hər mövqedə güclənmə olmalıdı".

Məmmədovun fikrincə "Qarabağ" ölkə kubokunu da qazanaraq mövsümü "qızıl dubl"la başa vuracaq: "Qarabağ" ölkə çempionatında qalib oldu. İndi qalıb kuboku götürmək. Düzdü, rəqibi "Zirə" yarımfinalda "Neftçi"ni üstələdi. Finalda heç bir rəqib zəif olmur. Doğrudu, "Qarbaağ" güclüdü, stabildi. Amma finalda hər komanda digərini üstələyə bilər. Çünki bir finaldı, buna hamı hazırlaşıb, oyunu çıxara bilir. Şanslar bərabərdi. Finalda "Qarbağ"ı favorit saymaq düzgün olmaz. Maraqlı oyun olacaq, özüm də "Qarabağ"a azarkeşlik edəcəm. Mən avrokuboklarda da stadiona gedib "Qarabağ"a dəstək olurdum. Çünki bu komandada oynamışam. İstəyirəm ki, onlar mövsümü iki titulla başa vursun. Buna sadəcə sevinərdim".

Xəbər xətti