"Felipe Melo mənimlə görüşə "Qarabağ" good" deyə-deyə başladı"

17:45 - 16 May 2022

Azərbaycan Futnet Federasiyasının rəsmiləri bir neçə gün əvvəl Braziliya millisinin heyətində dünya çempionu olan Bebeto və Romarionun qonağı olublar.

Dünyaca tanınmış futbol adamlarının qonağı olanlardan arasında idman jurnalisti Araz Əhmədov da olub. O, Romario və Bebeto ilə görüş barədə və Braziliya təəssüratını Sportal.az saytı ilə bölüşüb: 

​"Braziliyada olmağı çoxdan arzulayırdım. Bu ölkənin Futvole Federasiyasının rəhbəri Anderson Aguianın dəvəti bizlər üçün göydəndüşmə oldu. Axı, bizim izləyəcəyimiz futvole üzrə Braziliya Super Liqasının final görüşləri bir çox məşhur futbol ulduzunun yaşadığı Rio De Janeyro şəhərində baş tutacaqdı”. 

- Səfər zamanı məşhur ulduzlarla görüşməyi planlaşdırırdız?
Braziliyaya getməzdən öncə bizi ora dəvət edən Andersonla bu haqda söhbətimiz olmuşdu. O da öz növbəsində bildirmişdi ki, məşhur futbolçularla görüşməyimiz üçün bütün səylərini səfərbər edəcək. 

- Deyəsən birinci Romario ilə söhbətləşə bildiz.
Bəli. 1994-cü ildə dünyanın ən yaxşı futbolçusu seçilmiş bu veteran futbolçu ilə onun evində görüşdük. 

- Niyə məhz evində?
Braziliyada belə məşhur ulduzlar küçəyə çıxanda ajiotaj yaranır. Hər kəs şəkil çəkdirmək, avtoqraf almaq üçün növbəyə durur. Sakit ortamda söhbət etmək üçün Romario özü belə istədi. 

- Dünya çempionu ilə onun evində görüşmək necə duyğudu?
İnanılmaz. Ordan çıxana qədər inana bilmirdim. Biz Romarionun evinə əliboş getməmişdik. Ona hədiyyələri təqdim edərkən tabloda yazılan “Şuşa” yazısı diqqətini çəkdi. Həm də yerli parlamentdə senator olan Romarioya Qarabağın və Şuşanın necə işğaldan azad olunması haqqında bəhs etdik. Şuşanın Azərbaycanın mədəniyyət mərkəzi olduğunu söylədik. 

- Braziliyalı Azərbaycan futbolundan xəbərdardırmı?
Romario və evində olduğumuz digər dünya çempionu Bebeto daha çox Türkiyə klublarını tanıyırlar. Bu da başa düşüləndi. Felipe Melo başda olmaqla, Rio de Janeyroda yaşayan bir çox ünlü braziliyalı futbolçu qardaş ölkənin çempionatında çıxış edib. Amma bu o demək deyil ki, Braziliyada ümumiyyətlə Azərbaycan futbolunu tanımırlar. Məsələn, elə söhbətləşdiyim Felipe Melo mənimlə görüşə “Qarabağ" good" deyə-deyə başladı.

- Yəni “Qarabağ”ı tanıyırlar...
Ağdam klubunu avrokuboklardakı çıxışına görə bir çox braziliyalı ulduz tanıyır. Görüşdüyüm daha bir braziliyalı veteran futbolçu Roberto Qauço komandamızın “Atletiko” ilə oyunlarından bəhs etdi. Həmin qarşılaşmalarda Qurban Qurbanovun çox gözəl taktika seçməsindən ağız dolusu danışdı.

Xəbər xətti