"Qarabağ"ın prezidenti Tahir Gözəl komandanın baş məşqçisi Qurban Qurbanovun təsis etdiyi "My Class" fitnes klubunda olub.
Sportal.az xəbər verir ki, o, bununla bağlı jurnalistlərə danışıb:
"Buranın açılışı vaxtı mən gələ bilməmişdim. Çox sevinirəm ki, bu dəfə gəlib görməyə fürsət oldu. Qurban Qurbanovu, Elnur bəyi təbrik edirəm. Çox gözəl yer ərsəyə gətiriblər. Qurban müəllimin bütün həyatı idmanda keçib. Çox sevinirəm ki, "Qarabağ"dan qazandığı pulları ölkəmizə, vətənimizə ciddi şəkildə yatırım edir. Buranı çox bəyəndim. Bakıda idman zalları, hamam, sauna görə bilərsiz. Amma kompleks şəkildə bunların hamısının bir yerdə olmağı çox nadirdir. Buraya çox zəhmət qoyulub, mən bunu görürəm. İnşaatla məşğul olduğuma görə başa düşürəm. Ən önəmlisi odur ki, burada çıx gözəl infrastruktur tikilib.
Havalandırma, işıqlandırma, istilik, hər şey mükəmməldir. Bura beynəlxalq standartlara uyğun şəkildə hazırlanıb. Bu gün hamımız böyük stresslərə düçar oluruq. Bu, bir həqiqətdir ki, insan sağlamlığına qiymət verməlidir. Hesab edirəm ki, bu cür yerlər insanlara yeni bir kültür, anlayış gətirir. Fəxr edirəm ki, "Qarabağ" bir ailədir. Qurban müəllimə, Elnur bəyə xeyirli olsun. Çox sevindim ki, buranı görmək mənə də qismət oldu".
