Son olaraq Belarusun "Slaviya Mozır" klubunda oynamış millimizin sabiq hücumçusu Ruslan Qurbanov Sportal.az saytına müsahibə verib. Hazırda klubsuz olan forvard milli komandamızın Millətlər Liqasındakı durumuna da toxunub.
- "Slaviya Mozır"dan ayrıldıqdan sonra klubsuz qalmısan. Rusiya və yaxud Azərbaycandan təklifin var?
- Bəli, hazırda klubsuzam. İndi evdəyəm, istirahət edirəm. Daha çox ailəmə vaxt ayırıram. Hələ ki, heç bir klubdan təklifim yoxdu. Necə olacağını zaman göstərəcək.
- Azərbaycan millisinin Belarusa qarşı keçirdiyi oyunu izlədin? Millimizin qalib gələcəyini ehtimal edirdin?
- Təbii ki, Azərbaycan millisinin qalib gəlməsini çox istəyərdim. Amma heç-heçə də pis nəticə sayılmamalıdı. Özü də Belarus zəif komanda deyil. Bunu da nəzərə almaq lazımdı. Belarus millisində də oyunun gedişində matçın taleyini həll edə biləcək futbolçular var. Ona görə də 0:0 hesabını normal saymaq olar.
- Yığmamız ilk iki turdan sonra bir xala sahibdi. Səncə, daha uğurlu çıxış etmək mümkün idi?
- Təbii ki, Qazaxıstanla görüşdə daha yaxşı oynayıb, daha yaxşı nəticə qazana bilərdik. Amma bu futboldur. Mən Azərbaycan millisinin futbolçularına inanıram və onların qarşıdakı turlarda özlərini göstərəcəyinə əminəm.
- Sənin oynadığın vaxtdakı milli indiki qrupda daha yaxşı nəticələr əldə edə bilərdi?
- Bəli, fikrimcə, o vaxtki milli bu qrupda daha yaxşı nəticə qazanardı. Demirəm ki, indiki heyət zəifdi. Sadəcə o vaxtı hücumameyilli futbol oynayırdıq, qorxmurduq.
- Millidə çatışmayan nədir ki, uğurlu nəticələr alınmır? Problem baş məşqçidədi yoxsa, futbolçularda?
- Kimisə günahlandırmaq doğru olmaz. Baş məşqçiyə yenə şans verdilər, amma hər şey yenə də həminki kimidi. Hər şeyin AFFA və baş məşqçinin planladığı kimi alınmasını istəyərdim. Ümid edək ki, belə olacaq. Gözləyək, görək də. Zaman hər şeyi göstərəcək.
- Yığmanın növbəti oyunları Slovakiya və Belarusa qarşıdı. Onları Bakıda məğlub etmək mümkün olacaq?
- Əlbəttə, mümkündü. Niyə də olmasın? Hazırda zəif və o qədər də güclü milli yoxdu. Fikrimcə, qarşıdakı iki matçda yaxşı nəticələr olacaq.
- Hazırda qrupda birinci yeri altı xalla Qazaxıstan tutur. Səncə, onları qabaqlayaraq qrupdan çıxmaq mümkün olacaq?
- Hər kəs Slovakiyanın Qazaxıstana qalib gələcəyini düşünürdü. Çünki onlar favorit idi. Amma indi hər şey fərqlidi. Azərbaycan millisi də qarşıdakı matçlarda bu cür nəticələr göstərə bilər. Milliyə inanıram və onlara sona qədər azarkeşlik edəcəm.