Futboldan küsüb gedəcəyini gözləyirdilər, Ehtiram bəy bunun əksinə daha güclü "Turan Tovuz" qurur - 2 milyon dollarlıq yeni sponsor, çempionluq hədəfi

15:08 - 5 Avqust 2026

"Turan Tovuz"un avrokuboklardan kənarda qalması dəqiqləşəndə klub rəsmilərində, tərəfdarlarda böyük məyusluq var idi. Nə qədər doğru olduğunu bilmirəm, amma Ehtiram Quliyevin "Turan Tovuz"dan əlini çəkmək istədiyinə dair fikirlər də səslənirdi. Söhbət maliyyəni tam dayandırmaqdan getmirdi. Amma "Turan Tovuz"un daha yüksək yerlər üçün oynamayacağı deyilirdi. Əslində, anlaşılan idi. O qədər pul xərclə, iş gör, 3-cü yeri tutub avrokuboklara vəsiqə qazan, axırda da kimlərsə aranı qarışdırıb kluba sanksiya qoydursun... 

"Turan Tovuz" dünən yeni sponsorluq müqaviləsi imzalayıb. "PeakEye Group"la 2 milyon dollarlıq anlaşma rəsmiləşib. Çox ciddi rəqəmdi. Belə sponsor əməkdaşlıqları ölkə futboluna baxışı dəyişir, bu sferanın ciddiliyinə təsir eləyir. Xüsusən, rəqəmin gizli saxlanılmaması, rahatlıqla açıqlanması da futbolumuzda az rast gəlinən hadisədir. 

Tədbirdə media önünə çıxan Ehtiram Quliyev çox iddialı danışıb. Hədəfin çempionluq olduğunu, bu mövsüm daha güclü "Turan Tovuz" görəcəyimizi deyib. Ötən mövsümün əvvəlində buna oxşar fikirlərə bir qədər təbəssümlə yanaşsaq da, "Sabah"ın çempion olması bu mənada yəqin çoxlarının baxışını dəyişib. "Sabah" göstərdi ki, "Qarabağ"ı hətta böyük xal fərqi ilə devirmək mümkün imiş. 

Məsələ tək çempionluq hədəfi deyil. Əsas məsələ Ehtiram bəyin geri çəkilməməsi, arzularına doğru getməkdən usanmamasıdır. Ən azı bu cəsarətinə görə Ehtiram Quliyev xoş sözlərə layiqdir. O ki qaldı, "Turan Tovuz"un təxribatlar nəticəsində avrokuboklardan kənarda qalmasına, Ehtiram bəy özü də geriyə boylanmağın, bundan sonra giley etməyin mənasız olduğunu deyib. Məşhur alman filosofu Fridrix Nitsşenin dediyi kimi: "Bizi öldürməyən şey daha güclü edir". 

Emin Abbasov

Xəbər xətti