"Brdariçlə uzun söhbətlərimiz olub, Azərbaycandan bir neçə klubdan təklif alıb" - MÜSAHİBƏ

12:22 - 4 Avqust 2026

Azərbaycan millisinin üzvü, Kosovonun "Malışeva" klubunun futbolçusu Vüsal İsgəndərli Sportal.az-a müsahibə verib.

- Komanda üçün avrokuboklar başa çatdı. Səncə, evdə "Hibernian" üzərindəki 2:0 hesablı qələbədən sonra üstünlüyü niyə qoruya bilmədiniz? Səfərdə rəqibə 1:4 uduzdunuz...

- İlk oyundan sonra bilirdik ki, cavab qarşılaşması çox çətin keçəcək. Azarkeş amili, stadion atmosferi tam fərqli idi. "Hibernian" həqiqətən də səviyyəli komandadır. İlk 15 dəqiqənin xüsusilə ağır keçəcəyini bilirdik və buna hazırlaşmışdıq. Amma təəssüf ki, çox sadə səhvlərdən qollar buraxdıq və bu da oyunun gedişatına ciddi təsir etdi.

- "Hibernian"a qarşı Şotlandiyadakı matçda da meydana çıxdın. Amma 35-ci dəqiqədə əvəzləndin. Bu nə ilə bağlı idi? Zədə almışdın, yoxsa oyun alınmırdı?

- Xeyr, oyunla bağlı deyildi. Zədə aldım. Bu gün MRT müayinəsindən keçəcəyəm. Ayağımda şiş var, onun çəkilməsini gözləyirik. Açığı, məncə, zədə aldığım epizod qırmızı vərəqəlik idi. "Hibernian"ın futbolçusu ayağıma çox sərt müdaxilə etdi. Çox şükür ki, həkimlərin ilkin rəyinə görə ciddi problem yoxdur.

- Avrokuboklar sizin üçün başa çatdı. Kosovoda bunu necə qarşıladılar? Tənqidlər oldu?

- Əslində, çox yaxşı komandamız var və keyfiyyətli futbolçularımız kifayət qədərdir. Amma hamı bilirdi ki, "Hibernian" çox güclü rəqibdir və bizi çətin oyunlar gözləyəcəkdi. Buna baxmayaraq, hər iki matçdan sonra həm klub rəhbərliyi, həm də azarkeşlər komandaya təşəkkür etdilər.

- Ümumiyyətlə, "Malışeva" haqqında nə düşünürsən? Artıq bir neçə oyun keçirmisən. Burada əvvəlki komandalarından fərqli nələr gördün?

- Komanda olaraq çox yaxşı kollektivik. Klubun gələcəklə bağlı ideyaları da çox xoşuma gəlir. Klub prezidentinin qarşıya qoyduğu hədəflər böyükdür və hiss olunur ki, klub hər il inkişaf edir. Bundan başqa, komandada 3-4 çox istedadlı gənc futbolçu var. Məncə, onlar bir neçə ildən sonra daha yüksək səviyyəli liqalarda çıxış edəcəklər. Ümumiyyətlə, istər Kosovo, istərsə də Albaniya futbolu son illərdə çox inkişaf edib. Bunu anlamaq üçün gəlib yerində izləmək lazımdır.

- "Malışeva"nın baş məşqçisi Tomislav Brdariç futbolçu kimi də çox uğurlu karyera keçirib. Onunla tez-tez söhbət edirsiniz? Sənə məsləhətlər verir? Azərbaycan futbolu barədə danışmısınız?

- Doğrudan da çox gözəl insandır. Komandaya gəldiyim ilk gündən bu yana ən azı on dəfə uzun-uzadı söhbətlərimiz olub. Hər şeyi ətraflı izah edir, mənə çox dəstək olur. Bildiyim qədərilə, vaxtilə Azərbaycandan da bir neçə klubdan təklif alıb. Həm futbol, həm də şəxsi inkişaf baxımından mənə çox kömək edir.

- "Malışeva"da hər şey səni qane edir? Kosovodakı həyatından da razısan?

- Bəli, hər şeydən razıyam. Paytaxtda yaşayıram, yaşayış şəraiti də, klubdakı münasibət də çox yaxşıdır. Komandada özümü rahat hiss edirəm və bütün diqqətimi futbola yönəldə bilirəm.

Mirbağırağa

Xəbər xətti