"Neftçi"nin sabiq forvardı Branimir Subaşiç Sportal.az saytına açıqlama verib. Veteran hücumçu “ağ-qaralar” Konfrans Liqasındakı uğursuz çıxışından bəhs edib:
"Neftçi"nin Konfrans Liqasında mərhələ keçə bilməməsi çox üzücüdür. Düzü, “Dinamo” ilə ilk oyundan sonra "Neftçi"nin mərhələ adlayacağı hardasa çətin idi, amma inam da az deyildi...Sadəcə evdə bu cür hesabla uduzmaq olmazdı. “Neftçi” səfərdə pis oynamadı, qalib də gəldi. Hesab 1:0 olduqdan sonra davamı gəlmədi. Əlbəttə ki, ikinci qolu vursaydılar, davamını gətirərək mərhələni də keçəcəkdilər. Lakin evdə “Dinamo”ya 2:4 uduzursansa, təbii ki, mərhələni keçmək çətin olacaq. Təəssüf ki, bu mövsüm avrokubok macərası belə uğursuz alındı”.
Subaşiçin fikrincə, Premyer Liqada titul qazanmaq lazımdır. Ancaq bunu etmək də çətin olacaq: "Avrokuboklar uğursuz alınsa da, ümid edək ki, Premyer Liqada və ya ölkə kubokunda titul qazanacaqlar. Amma necə? “Dinamo”ya məğlubiyyətdən sonra nələrisə dəyişmək lazımdır, onlar daha yaxşı bilir bunu. Mən “Neftçi”yə yalnız uğurlar arzulaya bilərəm. Ümidvaram ki, onlarda hər şey çox yaxşı alınacaq və Premyer Liqada çempionluq yaşayacaqlar. Necə olacaq, bilmirəm...Çətindir. Komandada legionerlər də çoxdur, amma “Dinamo” səddini keçə bilmədilər. Bilirsiz, seleksiya işi vacibdir. Hər şeyi zaman göstərəcək. Ümidvaram ki, hər şey yaxşı alınacaq".
Mirbağırağa
