"Ronaldo 1000 qol vurana qədər dayanmayacaq, onun həyatı rekordlar qırmağa həsr olunub"

00:19 - 1 Avqust 2026

Naço Fernandez hesab edir ki, Kriştiano Ronaldo karyerasında 1000 qol həddinə çatacaq.

Sportal.az xəbər verir ki, hazırda "Al Qadsiah"da çıxış edən müdafiəçi öz açıqlamasında bunları qeyd edib:

“Əminəm ki, o, dayanmayacaq. Onu tanıdığım üçün bunu deyirəm. Ronaldonun həyatı rekordlar qırmağa həsr olunub və bu, həqiqətən də inanılmazdır. Bəzən elə görünür ki, buna nail ola bilməyəcək, amma sonda qarşısına qoyduğu bütün məqsədlərə çatır.

41 yaşında hələ də yarışmağa davam etməsi, ilk günkü kimi futbola eyni həvəslə yanaşması, bu qədər oyun keçirməsinə, çoxlu səfərlər etməsinə və ailəsindən uzaqda uzun illər yaşamasına baxmayaraq motivasiyasını itirməməsi böyük heyranlıq doğurur. O, beş yaşında futbola başladığı gündəki həvəsi bu gün də qoruyub saxlayır.

O, 1000 qol vurana qədər dayanmayacaq. Son illərdə ona qarşı oynamışam və hər səhər oyanaraq yenidən rəqabət aparmaq əzmini qoruması həqiqətən inanılmazdır”.

Xəbər xətti