"Mahir Emrelinin Asiya klublarından maliyyə baxımından çox yaxşı təklifləri var idi" - millimizin baş məşqçisi

14:05 - 5 Avqust 2026

Polşanın "Rakov" klubuna keçən Mahir Emreli mövsümə yaxşı başlayıb. Yeni klubunda artıq 2 qol vuran futbolçumuzun sərgilədiyi performans milli komandamızın baş məşqçisi Ayxan Abbasovu da sevindirməlidir. Qarşıda yığmamızı Millətlər Liqası gözləyir, milli üzvlərinin yaxşı formada olması vacib amillərdən biridir. 

Sportal.az saytına açıqlama verən Ayxan Abbasov Emrelinin klub seçimi məsələsinə toxunub:

"Əslində, Mahirin Asiya klublarından maliyyə baxımından çox yaxşı təklifləri var idi. Millinin düşərgəsində olanda onunla bu barədə söhbətimiz olmuşdu. Yaxşı başa düşürdü ki, bu dəfə seçimində yanılmalı deyil. Ona daha çox oyun praktikası qazanacağı, ona güvənən komanda lazım idi ki, əvvəlki formasını qaytara bilsin. 

Məncə, "Rakov" doğru seçimdir. Çünki Mahir Polşa çempionatını yaxşı tanıyır, "Legiya"da yaxşı oyunları olub. Sadəcə sonradan ondan asılı olmayan səbəblərə görə oradan ayrılmaq qərarına gəlmişdi. Amma onun legioener karyerasında ən yaxşı dönəm elə Polşa çempionatında olub. Karyerasında ağır zədələr yaşandı. Bərpa keçib rəqabət aparmağın da çətinliyini gördü. Açığı, son klubunda ona qarşı inamsızlıq da var idi. Amma "Rakov"a tez uyğunlaşdığını görürük".

Xəbər xətti