"Zirə"nin kapitanı Qismət Alıyev Sportal.az saytına müsahibə verib.
- "Zirə" "Paide" səddini keçə bilmədi. Halbuki ondan əvvəl daha güclü görünən "Torpedo"nu keçmişdiniz. "Paide"ni keçə bilməməyiniz yəqin ki, sizin üçün də gözlənilməz oldu?
- "Paide" son illərdə avrokuboklarda mütəmadi iştirak edən, kifayət qədər təcrübəli komandadır. "Torpedo" ilə oyunlarda isə düşən fürsətlərdən maksimum yararlana bildik və hər iki matçda inamlı qələbə qazandıq. "Paide" ilə ilk oyuna da yaxşı başladıq. İlk hissədə hesabı daha da artıra bilərdik, amma təəssüf ki, məğlub olduq. Cavab görüşündə isə ilk dəqiqələrdə hesabı açdıq. Yaratdığımız fürsətlərdən istifadə edə bilsəydik, bəlkə də böyük hesablı qələbə qazanmaq mümkün olardı.
- Yəqin ki, həmin matçlara təkrar baxmısan. Səncə, "Paide" səddini niyə keçə bilmədiniz? Epizodları dəyərləndirə bilməməyinizi nə ilə əlaqələndirirsən?
- "Paide"nin özünəməxsus oyun üslubu var idi. İlk oyundan sonra analiz etdikdə gördük ki, əsasən səbirli müdafiə olunur və əks-hücumlarda təhlükə yaradırlar. Cavab görüşündə də məğlub olsalar belə, öz fürsətlərini gözləyirdilər. Biz isə 2-3 yüzfaizlik qol epizodu yaratdıq. Təəssüf ki, həmin imkanlardan yararlana bilmədik və iki oyunun ümumi hesabına görə mübarizəni dayandırdıq.
- Mövsümə daha erkən başladınız. Artıq ən azı dörd rəsmi oyun keçirmisiniz. Bu amil mövsümün gedişində sizə müsbət təsir edəcək?
- Bəli, mövsümə erkən başladıq və artıq dörd rəsmi oyun keçirmişik. Bunun bizə necə təsir edəcəyini indidən demək çətindir. Hazırlığımız və məşqlərimiz davam edir. Çempionatın ilk turuna tam hazır olmaq üçün çalışırıq.
- Mövsümün startına bir həftə qalıb. Komanda liqaya nə dərəcədə hazırdır?
- Mövsümün başlamasına az vaxt qalıb. Konfrans Liqasında mübarizəni dayandırdıqdan sonra bütün diqqətimizi ölkə çempionatına yönəltmişik. Komanda məşqlərdə böyük istəklə çalışır və hər bir futbolçu ilk tura tam hazır olmaq üçün əlindən gələni edir.
- İlk turda "Şəfa"ya qarşı oynayacaqsınız. "Şəfa" illər sonra Premyer Liqaya qayıdıb. Bu oyun barədə nə düşünürsən? Səncə, sizin üçün münasib püşkdür?
- "Şəfa" komandasını Premyer Liqaya yüksəldiyi münasibətilə təbrik edir, onlara uğurlar arzulayıram. Bəli, ilk turda onlara qarşı oynayacağıq. Yaxşı komanda formalaşdırmağa çalışırlar, təcrübəli legioner futbolçular transfer ediblər. İlk tur hər iki komanda üçün həmişə çətin keçir. Biz də çempionata qələbə ilə başlamaq istəyirik. Düşünürəm ki, hər iki komandanı maraqlı və gərgin oyun gözləyir.
- "Zirə"nin bu mövsüm əsas hədəfi nə olacaq? Səncə, avrokuboklar uğrunda mübarizə aparmaq mümkün olacaq?
- Son illərdə həm avrokuboklarda iştirak edir, həm də ölkə çempionatında yüksək pillələr uğrunda mübarizə aparırıq. Bu il də qarşımıza eyni hədəfi qoymuşuq. Hesab edirəm ki, bu mövsüm çempionat bütün klublar üçün çox çətin keçəcək. Komandalara baxanda görünür ki, hər biri həm yerli, həm də əcnəbi futbolçularla heyətini gücləndirib. İstər çempionatda qalmaq, istərsə də yuxarı pillələr uğrunda çox gərgin mübarizə gedəcək.
- Bu yay "Neftçi"yə keçəcəyin iddia olunurdu. Belə bir təklif var idimi və "Zirə"də qalmaq qərarını özün verdin?
- Artıq altı ildir ki, "Zirə"nin şərəfini qoruyuram. Bu klub mənim üçün çox doğmalaşıb. Bəli, "Zirə"də qalmaq qərarını özüm verdim.
Mirbağırağa
saytlarin hazirlanmasi
