Norveçdə qazanılan xal, Sportal.az-ın doğrulan təhlilləri, Əfran İsmayılovun baxımlı oyunu YAZI

02:32 - 13 İyun 2015

İki fərqli hissə

 

Robert Prosineçki öz ikinci rəsmi oyununda da millimizə xal qazandırdı. Maltayla ev qələbəsindən sonra Norveç səfərində heç-heçəyə nail olduq. Nəticə qənaətbəxş olsa da, oyunu təhlil etməklə müsbət və mənfi məqamları aydınlaşdırmağa çalışacağıq.

 

Robert Prosineçki milli komandada işə yeni başlasa da, artıq indidən demək olar ki, o, Foqtsun yolunu getmək fikrində deyil. Xorvat mütəxəssis komandaya öz fəlsəfəsini, topla oyuna üstünlük verməyin gərəkliyini aşılamağa çalışır. Norveçlə oyun onu göstərdi ki, Prosineçki Serbiyaya acı məğlubiyyətdən özü üçün dərs çıxara bilib. Yeri gəlmişkən, Serbiya ilə oyundan sonra sportal.az-da gedən təhlillər də (http://sportal.az/?goal=news&id=56987) özünü doğrultdu. Həmin yazıya baxsaz, görərsiz ki, Əfran İsmayılovun sol yox, sağ cinahda daha effektiv olacağı, hücumda Ruslan Qurbanovun çıxış etməli olduğu iddia olunurdu. Əvvəlcə bu məqamlar barədə.

 

Norveçlə səfər görüşü Əfran İsmayılovun son zamanlar ən parlaq oyunu oldu. Başqa cürə desək, Əfran hamıya göstərdi ki, onun futbolu hələ bitməyib. Bu günə qədər İsmayılovu israrla sol cinaha qoyan Prosineçki nəhayət onu doğma mövqeyinə çəkdi və bu gediş özünü doğrultdu. Sağ cinahda özünü "suda balıq" kimi hiss edən Əfran İsmayılov öz texnikalı oyunuyla matç ərzində rəqiblərinə başağrı oldu. Birinci hissədə kifayət qədər təhlükəli zərbəylə yadda qalan istedadlı yarımmüdafiəçi ikinci hissədə də rəqib qapıçını sınağa çəkdi.  

 

Prosineçki əvvəlki oyunlardan fərqli, bu dəfə hücumda Ruslan Qurbanova güvəndi. Onun yaxşı formada olmadığını iddia edənlər olsa da, bu oyun bir daha onu göstərdi ki, Qurbanov inadkar oyunçudu və bu gün hücumdakı boşluğu doldurmaq üçün ondan ideal variant yoxdur. Ruslan Qurbanov meydanda olduğu vaxt kəsiyində daim rəqib müdafiəçiləri təzyiqdə saxladı, bir neçə epizodda qol vurmaq üçün fürsət də qazandı. Səhvləri də oldu, ancaq o, meydanda bütün gücünü qoydu. Klubda oyun praktikası olsaydı, milliyə daha çox xeyir verərdi.

 

Robert Prosineçki meydana yaxşı heyət buraxsa da, bir mövqedə seçimi yanlış etmişdi. Cavid Hüseynovu ortaya, Nazarovu isə sol cinaha buraxmaqdansa, onların yerini dəyişsəydi, daha effektiv olardı. Qüvvətli zərbələrə və texniki fəndlərə malik Nazarov cinahda həmin oyunu ortaya qoya bilmədi. Eyni sözləri Cavid haqqında da demək olar. O, sol cinahda oynasaydı, sürətli reydləri ilə oyunun kəsərini artırardı. Amma...

 

Ümumi götürəndə, millinin oyununu iki hissəyə bölmək olar. Fasiləyə qədər və fasilədən sonra. Millimiz birinci hissədə daha yaxşı təsir bağışladı. İlk dəqiqələrin həyəcanını üzərindən atan fubolçularımız top saxlamağa çalışdılar. Oyunun ümümi statistikasına baxanda da, topa nəzarət 52/48 faiz nisbətdə rəqibin xeyirinə olub ki, bu göstəricini bizim üçün yaxşı saymaq olar. Rəqibin 471 ötürməsi qarşısında, 419 ötürməylə yadda qaldıq. Düzdür, daha çox müdafiə olunmağa çalışırdıq, ancaq birinci hissədə hücumlar qurmağa da nail olurduq. Xüsusilə, Əfran İsmayılovun yer aldığı cinahdan kəsərli hücumlar qururduq. Qara Qarayev ilk hissədə ideal hava ötürmələri ilə yadda qaldı. Məhz onun ötürmələrindən sonra İsmayılov yaxşı mövqeyə çıxırdı.

 

Ancaq ikinci hissədəki oyunumuz daha çox Foqtslu vaxtları xatırlatdı. Bütün komandayla müdafiəyə oturduq.  Rəqib təzyiqi artırdıqca, müdafiə xəttindəki kompaktlıq itməyə başladı, meydanın mərkəzini keçərkən də ləngliyimiz özünü göstərməkdə idi. Hərçənd, məhz ikinci hissədə Ruslan Qurbanov iki dəfə qapıçıyla üzbəüz qala bilərdi. Ancaq birinci epizodda zərbə vurmağa gecikdi, ikinci vəziyyətdə isə zərbəsi istənilən kimi alınmadı. Ümumiyyətlə, hiss olunurdu ki, Robert Prosineçki futbolçulara imkan daxilində çox zərbə vurmağı tapşırmışdı. 90 dəqiqə ərzində 11 zərbə vurduq, onlardan 2-i dəqiq oldu. Elə Norveçin də 19 zərbəsindən cəmi 2-i dəqiq idi. Noveç bir neçə epizodda qola yaxın olsa da, bu anlarda bəxtimiz gətirdi. Onu da qeyd etməliyik ki, komandamız kollektiv müdafiə olunmağa çalışsa da, rəqib futbolçuların ayrı-ayrılıqda ustalıq səviyyəsi özünü açıq-aşkar göstərirdi. Yeri gəlmişkən, əvvəlki oyunlarda tənqid olunan Arif Daşdəmrov bu dəfə ən yaxşılardan idi.  

 

Millimizin Norveçə qarşı ortaya qoyduğu oyun nikbinlik vermədi. Ancaq Prosineçkinin tənqidlərə açıq adam olması və işgüzarlığı sabaha ümid verir. O, məhz işgüzarlığı hesabında 2 oyuna millimizə artıq 4 xal qazandırıb.

 

Emin ABBASOV

Xəbər xətti