Kempbell həyatda futboldan daha vacib şeylərin olduğunu düşünür
Dünyanın bir çox ölkələrində futbolçular cəmiyyətin aparıcı üzvləri, bir çox sosial layihələrin iştirakçısı olurlar. Keçmiş futbolçular arasında öz ölkəsində nazir, futbol federasiyası rəhbərləri olanlar da var. Bizdə isə vəziyyət fərqlidir. Azərbaycanlı futbolçular demək olar ki, cəmiyyətdən təcrid olunmuş təbəqəyə çevriliblər. Onların öz dünyası olur və bu dünyada qeyri-ciddi həyat tərzi, individuallıq ön plana çıxır. Təqdim etdiyimiz bu yazının qəhrəmanı da bizim futbolçulardan deyil.
O, 2000-ci illərin birinci yarısında öz mövqeyində dünyanın ən yaxşı futbolçuları sırasındaydı. O, İngiltərə Premyer Liqasında həftəyə 100 min funt qazanan ilk futbolçu olub. Söhbət İngiltərə millisinin və “Arsenal”ın əfsanəvi futbolçusu Sol Kempbelldən gedir.
2012-ci ildə futbolçu karyerasını başı vuran Kempbell cəmi 1 ildən sonra “BBC”-də Britaniyada qaradərililərin işsizlik problemindən danışmışdı:
“Əlbəttə, onların bəziləri özləri günahkardırlar ki, iş tapa bilmirlər. Ancaq onların arasında bir çoxları var ki, işini vicdanla, məsuliyyətli görsələrdə, süni əngəllərlə üzləşirlər”.
Hələ ötən ilin yazında Sol Kempbell konservativ partiyaya üzv olmaq niyyətini ortaya qoymuşdu. Buna səbəb leyboristlərin lideri Millibend tərəfindən irəli sürülmüş daşınmaz əmlakla bağlı vergilərin tətbiq olunması olmuşdur. Sabiq futbolçu belə qərarın çıxarılmasının əleyhinə olmuşdu. “Vergilərdən başqa sizi narahat edən nədir?” – sualına isə Kempbellin cavabı belə olmuşdu: “Qeyri-bərabərlik!”
Londonun meri olmağa namizədliyini irəli sürən əfsanəvi futbolçu şanslarını belə dəyərləndirib:
“Anlayıram ki, seçkilərdə favorit olamayacağam. Lakin siyasətdə 5,10, 15 il olan insanlara baxın. Onların necə “professional” olduqlarını görürsüz. Mən yeni nə isə gətirə bilərəm. Fəhlə ailəsində böyümüşəm, əldə etdiklərimə görə çox əziyyət çəkmişəm. İndi də Londona kömək etmək istəyirəm”.
Heç kimə sirr deyil ki, “Tottenhem” azarkeşləri ona nifrət bəsləyirlər. Buna səbəb Kempbellin o vaxtlar “Arsenal”a qalmaqallı keçidi olub. Lakin Sol düşünür ki, həyatda futboldan daha vacib şeylər var və o, insanların gələcəyi haqqında düşünməyi təklif edir.
Bu il aprel ayının sonunda onun haqqında “Guardian”da geniş yazı hazırlanmışdı. Və həmin yazıya gələn mindən çox şərhdə Kempbell haqqında çox az xoş sözlərə rast gəlindi. Çoxları onu mülkiyyətini qorumaq naminə (daşınmaz əmlak vergisinə etirazı nəzərdə tutulur) konservativlərin sırasına qoşulmaqda suçlayırlar.
Lakin Sol Kempbellin niyyəti ciddidir. O, 2016-cı ilin mayında keçiriləcək seçkilərə qatılacaq. Qeyd edək ki, Londonun indiki meri Boris Conson seçkilərdə iştirak etməyəcək.
Sportal.az
saytlarin hazirlanmasi