Başını dik tut, Həsən! QEYD

14:54 - 15 İyun 2015

Boynumuzu bükəcəyiksə, hamılıqla bükək!

 

Azərbaycan tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi edir. Kimləri bunu təqdirəlayiq hal kimi qiymətləndirsə də, müsbət yanaşmayanlar da var. Hərənin öz fikridir və bunu müzakirəyə çıxarmaq niyyətində deyiləm.

 

Amma bir məqam var ki, son iki gündür əməlli başlı çirkin bir hal alıb. Deməli, azərbaycanlı idmançı Həsən Əliyev erməniyə uduzub. Və əsas həngamə də, bundan sonra başlayıb. Sosial şəbəkədə olan klaviatura qəhrəmanları, bu ölkə üçün heç bir şey edə bilməyən bəziləri Həsəni az qala xalq düşməni elan edib. Nədi-nədi idmançımız erməniyə uduzub.

 

Mən məsələnin mənəvi tərəfini anlayıram. Erməni düşmənimizdir və ölkəmizdə ona uduzmaq xoş hal deyil. Bunu Həsən də dərk edir. Onu buna görə qınaq obyekti edib, imkanınız olsa sürgünə də göndərmək istəyinizi anlamıram. Çoxunuz deyə bilərsiniz ki, haqsızam. Bəlkə də. Ancaq mən buna sadəcə bir idman yarışı kimi baxıram. Nə bilirsiniz ki, Həsən rəqibi ilə qarşılaşanda düşməni ilə üz-üzə olduğunu, bu qədər faciəni düşünmürdü. Olmadı, alınmadı. Məğlub oldu. Məyus oldu.

 

Bəlkə də bilirdi ona qarşı belə “qara piar”ın başlanacağını. Ancaq bu qədərini heç o da təsəvvür etmirdi axı. Bir özünüzə gəlin. Elə mərdlikdən, qəhrəmanlıqdan danışan oğuluqsa onda hamılıqla baş aşağı, boynu bükük gəzək. Çünki biz ölkə olaraq hələki məğlubuq. Mənəm-mənəmlik yeri deyil. Gəlin onun ailəsini, yaxınlarını da düşünək. Özümüzü bir anlıq onların yerinə qoyaq. Onda əmin olun ki, belə “sosial şəbəkə qəhrəmanı” olmayacaqdınız. Başını dik tut, Həsən! Boynumuzu bükəcəyiksə, hamılıqla bükək!

 

 İlkin Baba

Xəbər xətti