"Hazırda heyətə düşmək üçün mübarizə aparıram"
Premyer Liqanın XV turu çərçivəsində keçirilən "Sumqayıt - Kəpəz (2:2) matçından sonra meydan sahiblərinin futbolçusu Amil Yunanov Sportal.az-a müsahibə verib:
- Oyun barədə fikirləriniz?
- Yaxşı oynadıq. Maraqlı və gərgin oyun keçdi. Çox təəssüf ki, son saniyələrdə qələbəni əldən verdik. Bir daha gördük ki, futbolda hər şey ola bilər
- “Sumqayıt”ın heyətində ilk qolunu vurdun. Qol sevincini isə ehtiyat oyunçular skamyasına qaçaraq ordakı futbolçularla qeyd etdin. Belə sevinci əvvəlcədən planlaşdırırdın?
- “Sumqayıt”ın heyətində ilk qolumu vurdum. Çox sevincli idim. İstədim ki, sevincimi məşqçilər heyəti və komanda yoldaşlarımla qeyd edim. Həddən artıq çox sevinirdim. Çünki bu qələbə qolu idi. Amma çox təəsüf ki, hesabı qoruya bilmədik.
- “Qəbələ”dən ayrılmağının səbəbi nə idi?
- “Qəbələ”də zədədən əziyyət çəkirdim. Formadan çox düşmüşdüm. Ötən mövsüm “Rəvan”da oynadım və bir az özümə gəldim. Daha sonra 2-3 ay klubsuz qaldım. Bu mövsüm 2-ci turdan etibarən “Sumqayıt” dəvət olundum. Komandaya yeni qoşulanda da hiss edirdim ki, formada deyiləm və daha çox çalışmalıyam. Samir müəllim də çox sağolsun mənə şans verməyə başlayıb.
- Baş məşqçiniz Samir Abasov vaxtı uzatdığına görə qapıçınız Tərlan Əhmədlini cəzalandırıb. Ümumiyyətlə, bir çox oyunçular var idi ki, vaxtı uzadırdılar...
- Tərlanın cəzalanmağı haqda heç bir xəbərim yoxdu. Oyunun axırlarına yaxın bütün futbolçularda yorğunluq olur. Deməzdim ki, biz vaxtı uzatmaqla məşğul idik. Samir müəllim bizə tapşırıb ki, oyunda belə hallara yol verməyin. Bizə bunu qadağan edib. Bu futbolçuya yaraşan hərəkət deyil. Mən bunu futbolçularımızın yorğunluğu və zədələnməyi ilə əlaqələndirərdim.
- Karyeranı “Sumqayıt”da davam etdirmək fikrindəsiniz yoxsa daha iddialı kluba keçməyi fikirləşirsiniz?
- “Sumqayıt”a yeni gələndə ilk hədəfim o idi ki, əsas heyətə düşə bilim. Hazırda heyətə düşmək üçün mübarizə aparıram. Əgər “Sumqayıt”da daha çox şans qazansam və özümü yaxşı tərfdən sübut etsəm niyə də yaxşı klublara getməyim? İnşallah, komandamız daha da iddialı olarsa, elə karyerama burda davam etdirərəm. Əlbəttə, hər kəss iddialı klublarda oynamaq istəyir.
- “Qəbələ”də sənə elə də diqqət ayırmadılar...
- Mən altı il “Qəbələ”nin şərəfini qorumuşam. Rəhbərlik və məşqçilər mənə həmişə diqqət və qayğı gösərirdilər. Mən orada çox məşqçilərlə çalışmışam. “Qəbələ”də mənə başqa cür simpatiya var idi. Çünki orada mən bombardir olmuşdum. Son vaxtlarda artıq hiss edirdim ki, onların mənə qarşı diqqət etmirlər. Fatih Kavlakın dövründə əsas komanda ilə müqavilə imzaladım. Ancaq Ramiz Məmmədov gələndən sonra məni əvəzedici komandaya göndərdi. Əvəzedicilərə göndəriləndə bunu qəbul edə bilmirdim. Gündə 2-3 dəfə məşq edirdim və çalışırdım ki, məşqçiyə özümü sübut edim. Daha sonra “Neftçala” klubuna icarəyə verilldim. Lakin orada məşqçi mənə güvənmədi və altı ay futbolsuz qaldım. “Qəbələ”yə qayıtdım. Artıq görürdüm ki, məni “Qəbələ”də istəmirlər.
- Müalicə məsələlərində “Qəbələ” köməklik etdi?
- Onu heç vaxt unutmaram. Mən “Qəbələ”nin hesabına müalicə olundum. Bundan əlavə universiteti də “Qəbələ”nin hesabına oxumuşam. Mənə çox köməklik ediblər. Bunu yaddan çıxara bilmərəm.
- “Sumqayıt”da şans gec qazandın...
- Samir müəllim komandaya gəlişindən sonra hər zaman mənə deyirdi ki, şans veriləcək. Mən də daha çox çalışırdım. Çoxlu məşqlər edirdim ki, mənə şans verilsin. Mən gözləyirdim ki, mənə şans verilsin və öz sözümü deyim. Çalışacam ki, əsas heyətdə möhkəmlənim.
Mehman Əşrəfov
saytlarin hazirlanmasi