Adrian Skarlatake: "Mənim üçün ilk seçim karyeramı Azərbaycanda davam etdirmək olacaq" MÜSAHİBƏ

10:27 - 9 Dekabr 2015

“Xəzər Lənkəran”dan ayrılmağımın səbəbi...

 

“Xəzər Lənkəran”ın rumıniyalı müdafiəçisi Adrian Skarlatakenin komandadan ayrıldığı barədə məlumat vermişdik. Skarlatake 5 il şərəfini qoruduğu komandadan ayrılmaq səbəbini və gələcək karyerası haqda Sportal.az-a müsahibəsində danışıb:

 

 

- Artıq sabah Bakını tərk edərək vətəninə yollanırsan. Özünü necə hiss edirsən?

 

- Azərbaycandakı sonuncu günümdür, amma bəlkə də 2015-ci ildəki son günüm. Hazırda azad agent statuslu futbolçuyam, hazırda mənim üçün ilk seçim əgər təklif olarsa, karyeramı Azərbaycanda davam etdirməkdi. Əgər burda komanda tapsam, üstünlüyü burda qalmağa verəcəm.

 

- 5 il oynadığın “Xəzər Lənkəran”dan ayrılmağının əsas səbəbi nədir?

 

- Hamı bilir ki, hazırda komandada bəzi problemlər var. Bu problemlər də hələlik həll olunmur. Mən çempionatda sonuncu yerlərdə qərarlaşan komandada oynamaq istəmirəm, geridə qalan mövsümlərdə hər zaman çempionluğa, avrokuboklara vəsiqə qazanmağa iddialı olmuşuq. Nəinki, “Xəzər Lənkəran”da, əvvəl oynadığım komandalara diqqət yetirsəniz, daim iddialı komandalar olub. Komandadan ayrılmağımın əsas səbəbi “Xəzər Lənkəran”ın bu mövsüm iddiasız olmasıdır.

 

- Mətbuatda ayrılığının əsas səbəbi kimi maliyyə problemin olması yazılırdı...

 

- Maliyyə problemləri mənim üçün ikinci və ya üçüncü sıradadır. Əsas olan komandanın iddialı olmasıdır. Həm də düşündüm ki, karyeramda artıq bir dəyişiklik etməyin vaxtıdır.

 

- Ötən qış transfer pəncərəsində “İnter” səni transfer etmək istəyirdi. Yenidən bu komandaya transferin reallaşa bilər?

 

- Bəli, keçən il qışda “İnter”İn eks baş məşqçisi Kaxaber Sxadadze mənimlə söhbət etmişdi və bildirmişdi ki, məni komandasında görmək istəyir. Ancaq həmin vaxt vəziyyət başqa cür idi, mənim “Xəzər Lənkəran”la müqaviləm var idi. Ancaq indi başqa komandaya transfer olmağım asandır, çünki transfer vərəqəm əlimdədir.

 

- Transfer vərəqəni alarkən çətinliklə üzləşmədin?

 

- Xeyr, heç bir problem yaşanmadı. Hər şey həll olunub. Klub rəhbərliyimə də öz təşəkkürümü bildirirəm.

 

- “Xəzər Lənkəran” karyeranı necə dəyərləndirirsən?

 

- Uğurlu alındı. Komandada hər bir kəslə münasibətim yaxşı olub və belə də davam edəcək. Burda olduğum müddətdə heç bir çətinliklə üzləşmədim. Azarkeşlərimiz isə möhtəşəm idilər, hər zaman mənə xüsusi dəstək olurdular. Hər birinə təşəkkürümü bildirirəm. Amma artıq dəyişiklik vaxtı idi.

 

- Müsahiblərinin birində demişdin ki, komandada qalmağının əsas səbəblərindən biri də azarkeşlərdir...

 

- Ona görə də, yanvarda qaldım. Onda da komandadan getmək şansım var idi. Həmin vaxta nəzər yetirsək, demək olar ki, heç bir legioner komandada qalmadı. Həm azarkeşlər, həm də klubda keçirdiyim vaxtlar yanvarda mənim komandada qalmağıma səbəb oldular. Həmin vaxtda pul mənim üçün ikinci sırada idi. Ümid edirəm ki, azarkeşlər indiki məqamda məni başa düşəcəklər.

 

- Artıq 5 ildir Azərbaycandasan, digər klublar da səni yaxşı tanıyır. Premyer Liqamızda iştirak edən komandalardan təklif gözləyirsən?

 

- İnanıram ki, təklif alacam və burda qalacam. Çünki Azərbaycanda çox xoşbəxtəm, həm mən də həyat yoldaşım özünü burda xoşbəxt hiss edir. Artıq həyat yoldaşım da burda işləyir. Ancaq təklif olmasa, məcburam digər variantlara nəzər salım. Çin və Türkiyə klublarından artıq bir neçə təkliflər var. Azərbaycanda təklif olarsa, ilk 5 pillədə qərarlaşan hər bir klubla danışıqlar aparmağa hazıram.

 

- Sabiq baş məşqçilərin Mustafa Dənizli və Oğuz Çətinin səni bir neçə Türkiyə klubuna məsləhət gördüyü haqda da informasiyalar yer alır...

 

- Bəli, doğrudur. Hər iki baş məşqçimlə danışıram. Hələlik bu barədə çox şey danışa bilmərəm. Onlar məni yaxşı tanıyırlar. Lakin indiki məqamda heç bir qərar verməyəcəm. Bir neçə gün gözləyəcəm, bütün təklifləri dəyərləndirib sonra qərarımı verəcəm.

 

- “Xəzər Lənkəran”ın hazırki durumu haqda nə deyə bilərsən?

 

- Belə heyətlə mübarizə aparmaq çox çətindir. Heyətin əksəriyyətini gənc futbolçular təşkil edir. Onların hər birinin istedadları var, amma təcrübələrinin olmaması nəticə qazanmağa mane olur. 2-3 təcrübəli futbolçula ilə də nə isə əldə etmək olmur. Ümid edirəm, “Xəzər Lənkəran” qısa müddətdə əvvəlki iddiasını geri qaytaracaq və azarkeşlərini sevindirəcək.

Xəbər xətti