"Çətin səfərdən 3 xalla qayıtmağı bacardıq"
Hal-hazırda 1-ci divizionda mübarizə aparan MOİK tarixi ərzində hələ heç vaxt Tovuz səfərində qələbə sevinci yaşaya bilməmişdi. Hərbçilər xoşagəlməz statistikaya ötən gün son qoydular. MOİK-də baş məşqçi postuna gətirilən Müşviq Qənbərov debüt oyununda 3 xala sevindi.
Səfərdə “Turan Tovuz” üzərindəki 2:1 hesablı qələbədən sonra Müşviq Qənbərov Sportal.az saytına açıqlama verib:
“MOİK rəhbərliyi mənə böyük etimad göstərib. Buna görə onlara minnətdaram. Tovuz səfəri hər bir komanda üçün çətin olur. Əgər statistika baxsaz görərsiz ki, MOİK tarixi ərzində nə Premyer Liqa, nə də 1-ci divizionda “Turan”a səfərdə qalib gələ bilib. Oyunun ağır keçəcəyini bilirdik. Ancaq çətin səfərdən 3 xalla qayıtmağı bacardıq.
Növbəti tur “Şəmkir”lə qarşılaşacağıq. Çox yaxşı komandadı, turnir cədvəlində yuxarı pillələrdə qərarlaşıb. Lakin bu görüşdən də 3 xalla ayrılmaq niyyətindəyik. Onu deyə bilərəm ki, MOİK hal-hazırda turnir cədvəlində özünə layiq yerdə deyil. Xal ehtiyatımızı artırıb yaxşı yerlərdə qərarlaşmalıyıq. Ancaq buna bir qədər zaman lazımdı, çünki komandaya yeni gəlmişəm. İnanıram ki, gələn mövsüm olmasa da qarşıdakı illərdə MOİK-i Premyer Liqada görəcəksiz".
Qeyd edək ki, MOİK 12 turdan sonra 15 xalla turnir cədvəlində 8-ci yerdədir.
saytlarin hazirlanmasi