"Onlarsız çox çətin olacaq"
AZAL - "Xəzər Lənkəran (1 - 0) matçından sonra "ağ-yalıllar"ın gənc futbolçusu Kamran Abdullazadə Sportal.az-a müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Oyun haqda fikirlərini bildirərdin...
- Hər iki komanda mübarizə apardı. Stadionun süni örtüklü olması bizim üçün çətinlik yaratdı. Yaxşı top saxlaya bilmirdik. Buna görə istədiyimiz oyunu göstərə bilmədik. Elə oyun idi ki, kim qol vursa qalib gələcəkdi. Bunu da AZAL komandası bacardı və qələbə qazandı.
- "Xəzər Lənkəran" artıq bir neçə oyundu ardıcıl məğlub olur. Bu məğlubiyyətlər komandaya necə təsir edir?
- Ardıcıl gələn məğlubiyyətlər bizə pis təsir edir, komandada psixoloji gərginlik yaradır. Çalışacağıq ki, son iki oyunu qələbə ilə başa vurub fasiləyə yaxşı əhval-ruhiyyə ilə yollanaq.
- Yunis Hüseynov mətbuat konfransında bildirdi ki, mən futbolçulara səhvlərini deməkdən bezdim, amma onlar eyni səhvləri etməkdən bezmədilər...
- Həqiqətən də oyunumuz alınmadı. Çox zəif çıxış etdik. Bəli, səhvlərimiz çox oldu. Biz bu səhvlərin üzərində çox işləməliyik. Çalışmalıyıq ki, bundan sonrakı oyunlarda eyni səhvlər təkrarlanmasın. Bunun üçün çox çalışmaımız lazımdı.
- Növbəti turda "Kəpəz"lə çətin oyun gözləyir. Bu oyun haqda nə düşünürsən?
- Hər oyuna olduğu kimi bu matça da ciddi hazırlaşırıq. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bizim qalibiyyətə ehtiyacımız var.
- "Xəzər Lənkəran" hər zaman çempionluq uğrunda mübarizə aparıb. İndisə 9-cu pillədədi və sonuncu yerdə olan komanda ilə arasında 1 xal fərq var. Komanda bu mövsüm Premyer Liqada qalmaq uğrunda mübarizə aparacaq?
- "Xəzər Lənkəran" həmişə iddialı olub. Yenə də elə olacaq. Sadəcə bir az gözləmək lazımdı. Azarkeşlərimiz bir az səbrli olsunlar. Hər şey yaxşı olacaq. Premyer Liqada qalacağıq. Önümüzdəki komandalara çatmaq üçün bacardığımız qədər xallar toplayacağıq.
- Rahid Əmirquliyevin komandanı tərk etməsi oyununuza necə təsir edəcək?
- Nəyin ki, Rahidin Əmirquliyevin, Tural Cəlilov, Rasim Ramadanovun bizim üzərimizdə zəhməti çox böyük olub. Biz onlardan çox şey öyrənirdik. Oyunlarda bizi həvəslə irəli aparırdılar, dəstək olurdular. Onlarsız çox çətin olacaq. Hər birinə uğurlar arzulayıram. Hər şeyin ən yaxşısına layiq futbolçulardı.