"Futbolçulara 1 manat belə borcumuz yoxdu"
"Qarabağ" - "Sumqayıt" (2 - 2) matçında sonra "Sumqayıt"ın prezidenti Kamran Quliyev sportal.az-a müsahibə verib:
- Oyun haqda təəssüratlarınız necədir?
- Səfərdə oynayırdıq. “Qarabağ”ı ilk dəfə doğma meydanında məğlub edə bilərdik. Təəssüf ki, alınmadı. Demək ki, qismət deyilmiş. Bu gün biz gözəl oyunun şahidi olduq. Həm “Qarabağ”, həm də “Sumqayıt” məzmunlu oyun nümayiş etdirdilər. Futbolçulara təşəkkür edirəm
- Komanda son turlarda daha inamlı çıxış edir. Bunu səbəbi nədir?
- Bəli, dirçəliş var. Məşqçi heyəti komandaya yeni nəfəs gətirib. Futbolçular məşqçinin tapşırıqlarını icra edirlər. Hesab edirəm ki, futbolçularla məşqçilərin əməyi bu uğurların qazanılmasında vəhdət təşkil edir. Elə matçlar olub ki, hesabda irəli çıxsaq da, bunu sona qədər qoruya bilməmişik. Əgər həmin görüşləri əldən verməsəydik, indi biz ilk “üçlük”də idik.
- Növbəti mövsümdən etibarən “Sumqayıt” ilk pillələr uğrunda mübarizə apara biləcək?
- Bu haqda heç nə söyləyə bilmərəm. Hazırda biz maliyyə baxımında stabil klubuq. Futbolçulara 1 manat belə borcumuz yoxdu. Amma əvvəlcədən proqnoz verə bilmərəm. İsərtdik ki, ilk pillələr uğrunda mübarizə aparaq. Niyə də istəməyək?
- Kamran müəllim, “Sumqayıt” qış-təlim məşq toplanışını harda keçirəcək?
- Böyük ehtimalla, Sumqayıtda. Premyer Liqada mübarizə aparan klublardan bir neçəsi xaricdə təlim keçməyəcək. Həmin komandalarla yoldaşlıq matçı keçirmək istəyirik.
- Qış transfer pəncərəsi yaxınlaşır. Transferlər haqda düşünürsünüz?
- Məşqçi heyəti ilə yaxın günlərdə görüşəcəyik. Baş məşqçi və baş menecerlə söhbətdən sonra bu haqda qərar verəcəyik. Hər şey onlardan asılıdı. Maliyyə baxımından onların istəyini yerinə yetirməyə çalışacağıq.
- Kamran Ağayevin adı “Sumqayıt”la hallanır. Bu haqda nə söyləyə bilərsiniz?
- Biz sadəcə Kamran Ağayevin məşq etməyi üçün ona şərait yaratmışıq. Bu söhbəti çox da şişirtmək lazım deyil. Ağayev milli komandamızın aparıcı qolkiperidi. Əgər Kamran Ağayev məşq etmək üçün Azərbaycanda hər hansısa klubun qapısını döyürsə, fikrimcə, hər klubun borcudur ki, ona şərait yaratsın.
- Əgər klubda maliyyə problemi yoxdursa, nəyə görə xaricdə təlim-məşq toplanışı keçirilmir?
- Bizim büdcəmiz balanslaşdırılıb. Həmin büdcə ilə klubun bütün xərclərini həll edirik Heç bir futbolçuya, heç bir təşkilata və məşqçi heyətinə borcumuz yoxdu. Xaricə yollanmaq üçün əlavə xərc lazımdı.
- Avropa Liqasına vəsiqə qazanacağınız təqdirdə “Sumqayıt” həmin turnirdə iştirak etməyə hazırdı?
- Hələ ki, UEFA lisenziyasını almamışıq. Tapşırıq vermişik ki, UEFA lisenziyasını hazırlayaq. Artıq o barədə işə də başlamışıq. Əgər həmin turnirdə mübarizə aparmaq istəyiriksə, ifrastruktur işləri də həyata keçirilməlidir. Məsələn, ərizəyə stadionu qeyd edirksə, deməli stadion çoxsaylı azarkeş tutumuna cavab verməlidi. Bir sözlə, şərtlər UEFA-nın tələblərinə uyğun gəlməlidir. Bəzi maddələr var ki, həll etmişik və bəzilərində də işlər gedir.
Mehman Əşrəfov
saytlarin hazirlanmasi