"Qara zolaq"dan da çıxacağıq"
Premyer Liqanın 17-ci turunda “Qəbələ” səfərdə “Zirə”yə 0 – 1 hesabı ilə məğlub olub.
Matçdan sonra “qırmızı-qaralar”ın ukraynalı yarımmüdafiəçisi Aleksey Qay jurnalistlərin suallarını cavablandırıb: Sportal.az həmin müsahibəni təqdim edir:
- Son oyunlarda olduğu kimi, bu gün də komandanızın sıralarında gərginlik, əsəbilik hiss olunurdu...
- Bunu nəticələrlə əlaqələndirməzdim. Futboldu, istənilən nəticə qeydə alına bilər. Ancaq komandamız indi elə bir mərhələdədi ki, birlik nümayiş etdirmək, bir-birimizə adəstək olmalıyıq. Böyük nəticələrə imza ata bilmişik, “qara zolaq"dan da çıxacağıq.
- “Qəbələ” Avropa Liqasında çox güc sərf etdi. Bəlkə uğursuzluğun sirri bundadı və komandanın çempionatın ilk yarısının son turlarında fiziki gücü tükənib?
- Bu fikirlə razılaşa bilmirəm. Götürün bugünkü oyunu. Demək olar ki, 90 dəqiqə ərzində ərazi üstünlüyünə sahib olduq, qol imkanları qazandıq. Bəli, qollara imza atmırıq. Bunun adını necə qoyacağımızın fərqi yoxdu, fakt budu ki, xal itkilərinə məruz qalırıq. Ancaq fiziki cəhətdən komandanın yorulması fikri ilə razılaşa bilmirəm.
- Həqiqətən də böyük ərazi üstünlüyünə malik idiniz. Amma yəqin etiraf edərsən ki, təhlükəli epizod sayına görə rəqib komandanızı üstələdi. “Zirə”nin əks-hücumları daha kəsərli alınırdı...
- Fasilədən sonra fərqli oyun üslubuna keçdik. Böyük qüvvəylə irəli atıldıq. Belədə, müdafiə xəttimizdə boşluqlar yaranırdı. Təbii ki, rəqib də bunu görür və maksimum yararlanmağa çalışırdı. “Zirə”nin sürətli və texnikalı futbolçuları var. Ancaq rəqibin sıralarındakı futbolçuların səviyyəli olması, bu gün aldığımız məğlubiyyətə bəraət qazandırmır.
- Turnir cədvəli təzyiq göstərmir?
- Səmimi deyirəm, neçənci yerdə getməyimizdən xəbərsizəm. Uğursuz oyunlarımızı götür-qoy etdikdə, düşünürəm ki, biz uduzduğumuz rəqiblərdən çox özümüzlə mübarizə aparırdıq ki, çatışmazlıqları aradan qaldıraq.
- Necə hesab edirsən, mövsümün ilk yarısında itirlən xallar çempionluq mübarizəsində həlledici ola bilər?
- Bu fikirlə razı deyiləm ki, çempionatın 2-ci yarısı daha əhəmiyyətli olur. İtki hər zaman itkidi, qazanılan qələbə həmişə 3 xal deməkdi. Amma heç vaxt bilmirsən ki, harda qazanıb, harda itirəcəksən. İkinci dövrənin son turunda “Qarabağ”la oyunumuz var. Qarşıda hələ 3 və 4-cü dövrələr var. Şanslarımız qalır və bundan maksimum yararlanmağa çalışacağıq. Əbəttə, bir şərtlə ki, fasilədən sonra uğurlu nəticələrə imza ataq.