"Artıq əvvəlki “Neftçi”dən əsər-əlamət qalmayıb"
Premyer Liqanın 17-ci turunda səfərdə AZAL "Neftçi"ni məğlub edib.
Matçdan sonra AZAL-ın kapitanı Rail Məlikov sportal.az-a müsahibə verib:
- Rail, oyun haqda təəssüratlarını bölüşərdin...
- Çətin oyun oldu. “Neftçi” ilə keçirilən matçlar həmişə ağır olur. Çox ciddi hazırlaşmışdıq. Baş məşqçimizin tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirdik. Qol vurduqdan sonra taktiki gedişdə dəyişiklik etdik. Daha çox ək-hücumlarda oynadıq
- Bu mövsüm hər iki matçda “Neftçi”ni məğlub etdiniz...
- Belə baxanda, “Neftçi” əvvəlki “Neftçi” deyil. Bu oyuna adi matç kimi baxırdıq. Düzdü, çətin oyun oldu. Çünki səfərdə oynayırdıq. Hər bir komandadan bu mövsüm xal götürmək mümkündür
- İlk dövrədə məğlub etdiyiniz “Neftçi” güclü idi, yoxsa indiki?
- Eyni komanda, eyni futbolçular. Yalnız 1-2 futbolçu yox idi. Bu oyun daha çətin oldu. Çünki doğma meydanımızda deyil, səfərdə oynayırdıq
- AZAL-ın futbolçuları meydanda yerə yıxılmaqla tez-tez vaxtı uzadırdılar. Komandanın kapitanı kimi bu məsələ ilə bağlı nə söyləyə bilərsiniz?
- Bu futboldu. Futbolda da belə hallar tez-tez baş verir. Əgər “Neftçi” 1 – 0 hesabı ilə öndə olardısa, o zaman onlar vaxtı uzadardılar. Futbolun yazılmamış qanunlarından biri də budur
- Ruslan Qurbanovla aranızda yaranmış mübahisədən sonra meydanda üz-üzə gəldiniz...
- Ruslanla zəngləşdik, görüşdük. Söhbəti həllinə qoyduq. O, mənim kiçik qardaşımdı. Əsas odur ki, bir-birimizi başa düşdük. Hər şey qaydasındadı
- Qarşıda “Zirə” ilə matç gözləyir. 2015-ci ili qələbə ilə yekunlaşdıracağınıza inanırsınız?
- İnşallah, bunu bacarmağa çalışacağıq. Doğma meydan amilindən maksimum yararlanmalıyıq
- Bu oyunda keçmiş “neftçililər”in “Neftçi”yə qarşı prinsipiallığı var idi...
- Artıq əvvəlki “Neftçi”dən əsər-əlamət qalmayıb. Həm rəhbərlik, həm də futbolçular dəyişilib. Yalnız 1-2 oyunçunun adını qeyd etmək olar. Prinsipallıq mən “Qəbələ”də oynayanda qalmışdı. Amma indi elə bir prinsipim yoxdu. Bizim prinsipimiz bəzi dırnaqarası rəhbərliklərlə idi. Əlbəttə, Sadıq Sadıqova aid etmirəm. Sözümü yiyəsi götürəcək.
Mehman Əşrəfov
saytlarin hazirlanmasi