"Çox istəyirəm ki, milli komandaya dəvət alım"
“Sumqayıt”ın hücumçusu Amil Yunanovun sportal.az-a müsahibəsi:
- “Rəvan”la oyunun hazırlıqları necə gedir? Matça haqda nə söyləyə bilərsiniz?
- Oyuna çox ciddi hazırlaşırıq. Qış fasiləsinə qələbə ilə yollanmaq istəyirik. İnanırıq ki, bu oyunda 3 xal bizimlə olacaq
- Son 3 matçda 4 qol vurmusan. Bu nəticəni gözləyirdiniz?
- Fikirləşməmişdim ki, 3 oyuna 4 qol vuracam. Amma mən hər oyuna çıxanda qol vurmaq üçün çıxıram. Bacardığım qədər komandama faydalı olmaq istəyirəm. Hücumçu olduğuma görə, komandama qol vurmaqla kömək edirəm
- Ötən müsahibəndə bildirmişdiniz ki, “Qarabağ”a qol vuracam. Sözünüzə əməl etdiniz. Bəs, “Rəvan”la matçda qol vuracağına söz verirsiniz?
- Bəli, söz vermişdim (gülür). Çalışacam ki, “Rəvan”a da qol vurum. Çox istəyirəm ki, bunu bacarım. Ümumiyyətlə, hər matçda qol vurmaq istəyirəm
- “Qarabağ”la keçirdiyiniz matçda millimizin baş məşqçisi Robert Prosineçki də görüşü izləyirdi. Sizcə, belə davam edəcəyiniz halda milliyə dəvət ala bilərsiniz?
- Çox istəyirəm ki, milli komandaya dəvət alım. Hər bir futbolçunun arzusudur ki, millidə oynasın. Amma onu da bildirim ki, milli komandada oynamaq istəyirəmsə, daha çox çalışmalıyam. 3-4 qol vurmaqla milliyə dəvət almaq olmaz. Bunun üçün daha çox çalışmalıyam
- Bəs, “Sumqayıt”da niyə gec şans qazandınız?
- Açığı, ilk turlarda ideal formada deyildim. Komandaya çox gec qoşuldum. Premyer Liqanın 2-ci turundan etibarən “Sumqayıt”ın sıralarına qatıldım. Daha sonra komandaya Samir Abasov gəldi. Samir müəllim mənə bildirdi ki, daha çox çalışmalısan. Formamı bərpa etdikdən sonra mənə şans verildi. Samir müəllim mənə güvənməyə başladı. Çox şadam ki, onun etimadını doğrulda bildim. Samir müəllimə də, təşəkkür edirəm. Hər dəfə mənə inandığnı, güvəndiyini bildirirdi. Çalışacam ki, mənə olan etimadı hər zaman doğruldum
- Hazırda “Sumqayıt” 8-ci pillədə qərarlaşıb. Sizcə, bu pilləyə layiqsiniz yoxsa daha yaxşı mövqedə olmalı idiniz?
- Xeyr, biz bu pilləyə layiq deyilik. Biz daha yaxşı yerlərdə olmalıyıq. Çünki biz baxımlı oyun nümayiş etdiririk. Ümid edririk ki, qış fasiləsindən sonra istədiyimiz yerdə olacağıq
- Aktivində 4 qol var. Mövsümü neçə qolla başa vurmağı planlaşdırırsınız?
- İnşallah, bunu zaman göstərəcək. Mən istəyirəm ki, daha çox qol vurum. Bacardığım qədər daha çox fərqlənməyə çalışacam. Samir müəllim mənə nə qədər çox şans verərsə, mən də çalışacam ki, qollarımı sıralayım. Amma çox istəyirəm ki, mövsümü bombardir kimi başa vurum. Azərbaycan çempionatının bombardiri olmaq mənim ən böyük arzularımdan biridi.
Mehman Əşrəfov
saytlarin hazirlanmasi