Qurban Qurbanov: "Rahid Əmirquliyev "Qarabağ"a gəlsə, yaxşı olar"

20:45 - 19 Dekabr 2015

"Hər zaman hücumda problemlər olub"
 
Bu gün Premyer Liqanın 18-ci turunda "Qarabağ" azarkeşləri önündə "Qəbələ" ilə 1:1 hesablı heç-heçəyə razılaşıb.
 
Sportal.az-ın stadionda olan əməkdaşının verdiyi məlumata görə, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
 
- Yaxşı komandaya qarşı oynadıq, Rəqib Avroliqada yaxşı çıxış etmişdi və bölgə komandasının avrokuboklara çıxması bizi sevindirir. Oyuna gəlincə, 90 dəqiqə daim həyəcanlı oldum. Futbolçularım hesabı dəyişmək üçün çox güc sərf etdilər. Baxmayaraq ki, bu oyunda 1:0 və ya 2:0 hesabı ilə məğlub ola bilərdik. Hər iki komanda yaxşı istirahətə layiqdir. Komandamdakı hər bir futbolçudan razı qaldım. Bu ilimiz komanda üçün pis alınmadı, amma sonlara yaxın şahidi olduq ki, daha da ciddi olmalıyıq və hər bir futbolçu öz potensialını daha yaxşı göstərməlidi. Qələbəyə sadəcə qol çatmadı, qol epizodlarından istifadə edə bilmədik.
 
- Bu oyunda qol epizodlarından istifadə edə bilmədiniz. Sizə elə gəlmir ki, hücum xəttində problemləriniz var?
- Hər zaman hücumda problemlər olub. Amma bu bir çox komandada var, inanmıram ki, heç bir baş məşqçinin hücumçu problemi olmasın. Hər bir futbolçu çalışmalıdırki, epizodlardan maksimum istifadə etsin.
 
- Oyunun 84-cü dəqiqəsində İlqar Qurbanov "fair-play"ə əməl edərkən sizlə məsləhətləşib sonra qərarını verdi?
- Ola bilər ki, bəzən hakim görmür. Biz futbolçularla söhbət edirik ki, həmişə doğrusunu söyləyək.
 
- Rahid Əmirquliyevlə danışıqlar getdiyi deyilir..
- Hamı Rahid Əmirquliyevi komandasında görmək istəyər. Transfer haqda 3-4 gün sonra danışacam. 
 
- Riçard Almeyda, Coşqun Diniyev və Qara Qarayev eyni mövqedə oynayır. Belə bir futbolçular olan yerdə, Əmirquliyevə ehtiyac var?
- Rahid komandada olsa, yaxşı olar.

Xəbər xətti