"Yerli klublarımıza üstünlük verdim"
"Xəzər Lənkəran"ın kapitanı Rahid Imirquliyev "İnter"lə matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, Rahid Əmirquliyev gələcək karyerasından danışıb:
- “Qarabağ”la müqaviləyə qol çəkmisiniz?
- Mən də bu xəbərləri mətbuatdan oxuyuram. Hələ ki, rəsmi heç nə yoxdu.
- Bəs, razılıq əldə olunub…
- Razılaşmaqla rəsmi müqavilə imzalamaq fərqli şeylərdi. Biz isə rəsmi müqavilə imzalamamışıq.
- Belə çıxır ki, yeni komandanız “Qarabağ”dı?
- Hər şey ola bilər. Bütün suallara sabah aydınlıq gələcək.
- “Qarabağ”da sizinlə eyni mövqedə oynayan dörd futbolçu var. Hər halda, heyətə düşməkdə çətinlik çəkəcəksiniz. “Qəbələ”də isə daha rahat heyətə düşə bilərdiniz…
- “Qarabağ”da güclü futbolçular oynayır. Heyətə düşmək üçün futbolçular arasında güclü rəqabət var. Əlbəttə, bu yaxşı amildi. “Qarabağ”a keçidim alınsa, çalışacam ki, heyətə düşə bilim.
- Müqavilənin müddəti neçə il olacaq?
- Bütün suallara müqavilə imzalanan zaman dəqiqləşəcək. Mən hələ ki, “Xəzər Lənkəran”a məxsusam.
- Xorvatiyanın “Riyeka” klubu da sizinlə maraqlanırdı. Xaricdə uğursuz çıxış edən futbolçularımız olduğu üçün risk etmədiniz?
- Açığı, təklif almışdım. Yerli klublarımıza üstünlük verdim. Xaricə getməməyim isə ailə məsələləri ilə bağlıdı. Bəzi problemlərim var.
- Gəmini sonuncu tərk edən kapitan olur. Bu gün sizin gedişiniz gəminin batmasına işarə deyilki?
- Mənə də ağır gəlir. “Xəzər Lənkəran” heç vaxt bu vəziyyətdə olmamışdı. Komandanı belə vəziyyətdə buraxıb getmək istəməsəm də, təəssüf ki, belə oldu.
- Qış transfer pəncərəsində transferlərin olacağı bildirilirdi. Sizin gedişinizlə belə aydın olur ki, bu vədlər düz deyil?
- Bu suala rəhbərlik cavab versə, yaxşı olardı. Onu deyim ki, Lənkəran azarkeşləri belə vəziyyətə layiq deyil. Bu komanda həmişə çempionluq üçün vuruşub. Belə mübarizə aparmaqdansa, aparmasaq daha yaxşı olardı.
- Azarkeşlərin sizə münasibəti dəyişməyib..
- Hər zaman çalışmışam ki, geyindiyim formanın haqqını verim. Azarkeşlərimizə təşəkkür edirəm. Yaxşı günümüzdə olduğu kimi, çətin anlarımızda da bizi yalqız buraxmadılar.
- İlin ən yaxşı futbolçusu seçildiniz. Lakin mükafatınızı almağa gəlmədiniz..
- Səs verənlərin hər birinə təşəkkür edirəm. Tədbirə gəlməməyim vaxt problemi ilə bağlı idi. Mənə 2 gün qalmış məlumat verdilər. İşlərimi yekunlaşdıra bilmədiyimdən, qatıla bilmədim. Üzrlü hesab edin.
saytlarin hazirlanmasi