Murad Səttarlı: "Öz üzərimdə çox çalışıb, yenidən milliyə dəvət almağı düşünürəm" MÜSAHİBƏ

14:24 - 6 Aprel 2016

“Qarabağ” Azərbaycanın ən güclü komandasıdır"

 

AZAL-ın futbolçusu Murad Səttarlı Sportal.az-ın suallarını cavablandırıb:

 

- Premyer Liqada mövsümün sonuna az qalıb. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparırsınız.Komandada vəziyyət necədir?

- Hələ irəlidə 8 tur var. Ona görə, indidən nəsə söyləmək olmaz. Onu deyə bilərəm ki, komandada yaxşı əhval-ruhiyyə var. Hər bir oyuna qələbə qazanmaq üçün çıxırıq.

 

- Son matçlarda öz çıxışınla adından söz etdirirsən. Xüsusilə, “Qəbələ” ilə matçda 1 qol və 1 asistlə yadda qaldın...

- Şükürlər olsun ki, formaya düşmüşəm. Oyunum alınır. Həm də komanda yoldaşlarımla bir-birimizi yaxşı başa düşürük.

 

- Millinin Antalya toplanışında yer aldın. Səncə, Prosineçki sənin çıxışından razı qaldı? Növbəti toplanışda yenidən çağırılmaq ehtimalını necə dəyərləndirirsən?

- Toplanışda hər şeydən razı qaldım. Yalnız, Qazaxıstanla matçda oynamaq şansım olmadı. İnanıram ki, növbəti toplanışa çağırılsam oynamaq şansı da əldə edərəm. Öz üzərimdə çox çalışıb, yenidən milliyə dəvət almağı düşünürəm.

 

- AZAL-dan milliyə dəvət alan tək futbolçusan. Bu amil sənə əlavə motivasiya verir?

- Millinin oyunçusu olmaq şərəfdi, qürur vericidi. Hər bir oyunçu üçün belə olduğunu bilirəm. Əlbəttə ki, bu amil mənə əlavə motivasiya verir.

 

- Mövsümün sonunda komandadan ayrılmaq ehtimalın var? Hər hansı bir klubdan təklif yoxdur ki?

- Ayrılmaq barədə danışmaq tezdi. Heç bir klubdan da mənə təklif gəlməyib. Amma, onu qeyd edim ki legioner həyatı yaşamaq istəyərəm.

 

- Hazırda lider “Qarabağ”ın ikinci pillə ilə 10 xallıq fərqi var. Artıq, “Qarabağ”ın erkən çempion olduğunu söyləmək olar?

- “Qarabağ” Azərbaycanın ən güclü komandasıdır. Buna baxmayaraq, “Qarabağ”ın 8 tur öncədən çempion olduğunu söyləmək olmaz.

 

- Növbəti turda əsas rəqiblərinizdən biri olan “İnter”lə qarşılaşacaqsınız. Bu matç barədə fikirlərin?

- Bu oyunda hər şey ola bilər. Nə olursa olsun, biz bu matçda da meydana 3 xal üçün çıxacağıq. 

Xəbər xətti