"Əli Həsənli Azərbaycanda ən yaxşı çıxış edən 2-3 qapıçıdan biridir"
"Neftçala"nın baş məşqçisi Kamal Quliyev Sportal.az saytına müsahibə verib.
- “Qaradağ Lökbatan”la oyuna qədər ardıcıl 3 oyunda xal itkisi ilə üzləşmişdiniz. “Neftçala”nın enişinin səbəbini nə ilə izah edərdiniz?
- Bu, normal haldır. Belə vəziyyət böyük klublarda da olur. Biz də belə vəziyyətlə üzləşdik və “qara zolağ”a düşdük. Bəzi futbolçularımız şəxsi həyatlarında olan problemləri oyunumuza da təsir edir. Amma yenə də 1-ci pillədəyik. Maaşlarımızı vaxtında alırıq. Premyer Liqada mübarizə aparan klubların bir çoxunda maliyyə problemləri var. Aylarla maaş almayan AZAL fantastik futbol nümayiş etdirir. Çox gözəl mübarizə aparırlar. Tərlan Əhmədova alqış düşür ki, pulsuz-parasız belə komanda qurub. Premyer Liqada pullu komandalardan AZAL daha yaxşı çıxış edir. Düzdür, mən futbolçularımın şəxsi həyatlarına qarışa bilmərəm. Dediyim problemlər yaxşı mənadadır. 3 futbolçumuzun toyu olacaq. 2 futbolçumuz isə nişanlanacaq. Komandamızda olan futbolçularımızın elə yaşları var ki, sevib-sevilən vaxtlarıdır. Artıq futbol sevgisi 2-ci plana keçib (gülür). Futbolçularımla da söhbət etmişəm, özümü və digərlərini misal göstərmişəm.
- “Qaradağ Lökbatan”ı məğlub etdiyiniz matça futbolçuları necə köklədiniz?
- Həqiqətən də çox çətin idi. İxtiyarımda 15 futbolçu var idi. Rəhbərliyə təşəkkür edirəm ki, oyundan əvvəl bizimlə görüşdü. Rəhbərliyin söhbəti futbolçualra stimul verdi. Həyat mübarizədi. Əgər mübarizə aparmayacağıqsa, geri çəkilək. Amma bu mübarizəni aparırıqsa, sona qədər inanmalıyıq. İlk 30 dəqiqədə oynanılan oyunu çoxdan idi ki, görmürdüm. Həmin “Neftçala” üçün çox darıxmışdım. Hücumlarda irəli şığıyırdıq. Rəqibi topsuz qoymuşduq. Allaha şükürlər olsun ki, həmin “Neftçala” qayıtdı. Futbolçularımın qarşısında baş əyirəm. Rəqibimiz də bizə layiqli komandadır. Güclü heyətə sahibdirlər.
- İlk 30 dəqiqədən razı olduğunuzu bildirdiniz. Bəs, ümumi 90 dəqiqə ərziəndə komandanızdan razı qaldınızmı?
- Xeyr. İlk yarım saat ərzində sərgilədiyimiz futbolu sona qədər nemayiş etdirə bilmədik. Çox super oynayırdıq. Şükürlər olsun ki, qolları zamanında vurduq və futbolçular sakitləşdilər. Daha sonra komandamızda boşluqlar yarandı. İkinci hissədə isə hesabı qorumağa çalışdıq. Küləyə qarşı da oynayırdıq. Əks-hücumlarda oynadıq. Amma qalib gəlmişiksə, bundan razı qalmalıyam. Səhvləri oyun günü bağışlayıram.
- Komandanızın bu gərgin oyunda qəhramanı kim idi?
- Qapıçımız. Burdan üz tuturam milli komandamızın məşqçilər korpusuna. Burdan onlara səslənirəm və tələb edirəm ki, layiqli futbolçular yığmaya cəlb edilsin. Baxmyaraqki, Əli Həsənli bu gün “Neftçala”da çıxış edir. Bu o demək deyil ki, o zəif oyun nümayiş etdirir. Mən deyərdim ki, Əli Həsənli Azərbaycanda ən yaxşı çıxış edən 2-3 qapıçıdan biridir. Mən bunu sübut etməyə hazıram. Əlinin oyununa baxmaq lazımdır. Qolkiperimiz oyunda komandamızın 90 faizi idi.
- Çempionluq yarışına “Ağsu”nu rəqib görürsünüz?
- Əlbəttə. “Neftçala”, “Qaradağ Lökbatan” və “Ağsu” çempionluq uğrunda mübarizə aparır. Ötən mövsüm “Ağsu” 2-ci pilləni tutmuşdu. Onların yaxşı heyəti var. Öz oyun tərzləri var. Fikrimcə, “Ağsu” sona qədər vuruşacaq.
- Sizdə belə qorxu hissi yoxdur ki, çempion olacağınız təqdirdə Premyer Liqaya vəsiqə qazanmayacaqsınız?
- İnanırsız ki, bu sual mənim beynimdədir. Mənimlə yatır, mənimlə durur. O sual hər zaman mənimlə hərəkət edir. Gəzir, yeyir, içir... Amma bizə söz veriblər. İndi o söz verməyi də qoyaq bir kənara. Axı bu futbolçular da yazıqdırlar da. Bu futbolçular Premyer Liqaya vəsiqə qazanmaq üçün çalışırlar. Özlərini sübut etmək istəyirlər, tarix yazmaq istəyirlər. Futbolçuların əziyyətlərinə heyfləri gəlsin. İnşallah çempion olsaq, ötən mövsümki aqibəti bizə yaşatmazlar.
Mehman ƏŞRƏFOV
saytlarin hazirlanmasi