Cavab verin, cənab Elxan Məmmədov! YAZI

19:00 - 7 Aprel 2016

Siz ki danışmağı yaxşı bacarırsınız
 
FİFA-nın açıqladığı yeni reytinq cədvəlində Azərbaycan millisi düz 22 pillə geriləyib. Bu geriləmənin nəticəsində hazırda 134-cü yerə düşmüşük. Sözsüz ki, bu geriləmədə ötən ay Qazaxıstanla keçirilən yoxlama oyunundakı məğlubiyyət əhəmiyyətli rol oynayıb. Həmin məğlubiyyəti vecinə almayan xorvatiyalı çalışdırıcı Robert Prosineçki qazaxların qapısına yol tapa bilməyən futbolçularından razılığını ifadə etmiş, oyundan narazı qalmadığını demişdi. Buyurun, bu da sizin özündən razılığınızın nəticəsi. 
 
Reytinq cədvəli AFFA-nın yarıtmaz fəaliyyətinin, Prosineçkinin məşqçilik "dühasının” güzgüsüdür. İnsan güzgüyə baxarkən öz əksini necə görürsə, bizim futbolumuzun hansı vəziyyətdə olduğunu da həmin reytinq cədvəlinə baxanda tam çılpaqlığı ilə görmək mümkündü. 134-cü pillə son 20 ilin ən pis nəticələrindən biridi. Bu biabırçılığa rəğmən AFFA-nın baş katibi Elxan Məmmədov futbolumuzun inkişafından danışır, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov da ona züy tutur.
 
Gözəlim Azərbaycanın adını qanlı döyüşlərin meydanı Suriyadan, az qala 100 ildir İsraillə münaqişədə olan Fələstindan, harda yerləşdiyi belə bilinməyən Tanzaniyadan, Svazilenddən, Burindidən, Keniyadan, Sudandan geridə yazdırmağı bacardınız. Eşq olsun, məharətinizə. Bu möhtəşəm "sıçrayışın” memarları Elxan Məmmədovla Robert Prosineçkiyə ürəkdən "əhsən” deyirəm. Ona görə yox ki, futbolumuzu iri addımlarla irəli aparıblar. Əsla. Onlarda belə fərasət, belə məharət yerli-dibli yoxdu. Əvəzində üzləri qızarmır, utanmaq və xəcalət çəkmək hissləri onlara yaddı. Çıxıb xalqdan üzr istəmək, qəbahətlərini dilə gətirmək əvəzinə ütülü sözlərlə açıqlamalar verir, özlərini gözə soxmağı yaxşı bacarırlar. 
 
Cənablar, nəzərinizə çatdırım ki, adı FİFA reytinqində 134-cü sırada yazılan Azərbaycan millisinə 2015-ci ildə 7,5 milyon manata yaxın pul xərclənib. Bu məbləğə Elxan Məmmədovla Robert Prosineçkinin maaşı, uzaq səfərlərə biznes klasslarda uçması, "beşulduzlu” otellərdə gecələməsi daxil deyil. Elxan Məmmədovun de-fakto birinci şəxsi olduğu AFFA-nın 20 milyonluq xərci bizim aşağıdan yuxarı baxdığımız ada dövlətlərinin, Afrikanın kiçik ölkələrinin dövlət büdcəsinə bərabərdi. Xorvatiyalı Robert Prosineçkiyə ödədiyimiz 1,2 milyon avroyla bizi 30 pillə qabaqlayan Qırğızıstanla Mozambikin futbol federasiyalarının bütün xərclərini qarşılamaq olar, hələ üstəlik artıq pul da qalar. 
 
20 milyon manat xərcləyib, Azərbaycanın adını dünyanın 134-cüsü necə etdiniz, cənablar? Bizi başa salın, hörmətli baş katib. Danışın, hesabat verin. Siz ki danışmağı yaxşı bacarırsınız. 
 
Bu gedişlə Azərbaycan 2020-ci ildə keçiriləcək Avropa Çempionatının final mərhələsinə qatıla biləcəkmi? O zamana qədər millimizdə neçə həqiqi azərbaycanlı futbolçu çıxış edəcək? Robert Prosineçkiyə verdiyiniz fantastik məvacibin, Berti Foqtsu 6 il bəsləməyimizin futbolumuza nə xeyri var? Bütün bunlarda sizin məsuliyyət payınız nə qədərdi? 
 
Susmayn, cənab Elxan Məmmədov, cavab verin!
 
Amal ABUŞOV/Sport7.az

Xəbər xətti