"Mənim Vaqif Cavdovla heç bir problemim yoxdur"
“Sumqayıt”ın hücumçusu Pərdis Fərcad-Azad “Qəbələ” ilə keçirdikləri matçdan sonra Sportal.az saytına müsahibə verib.
- Doğma meydanınızda 1 xal qazandınız...
- Oyunun çətin olacağını bilirdik. Qələbə qazanmaq istəyirdik. Amma bu nəticəni qənaətbəxş hesab edirəm. Yaxşı oynadıq və 1 xal qazandıq.
- Oyun epizodlarında Vaqif Cavadovla tez-tez mübahisə edirdiniz...
- Bu, futboldur. Belə şeylər tez-tez olur. Amma mənim Vaqif Cavadovla heç bir problemim yoxdur.
- Uzun müddətdən sonra qol vurdunuz. Davamı gələcəkmi?
- Nəhayət ki, tilsimi qırdım. İnşallah davamı gələr. Amma mən bu qola cəbhə xəttində baş erən hadisələrə görə, çox sevinmirəm.
- Qol vurduqdan sonra əsgər salamı verdiniz. Nə hisslər keçirirdiniz?
- Allah şəhidlərimizə rəhmət etsin. Bir daha vurğulayıram ki, vurduğum qola sevinmədim. Cəbhə xəttində baş verən hadisələr, əsgərlərimizin və zabitlərimizin vətən uğrunda etdiyi qəhrəmanlıqlar məni çox qürurlandırır. Əsgər salamı verməklə şəhidlərimizə olan hörmətimi nümayiş etdirməyə çalışdım.
- Rəqib futbolçular iddia edir ki, penalti qərarı yanlış idi. Bəs, siz nə fikirdəsiniz?
- Fikrimcə, hakim doğru qərar verib.
- Pərdis Fərcad-Azad “Sumqayıt”a əvvəlki kimi kömək edə biləcək?
- İnşallah bacardığımı edəcəm. Hər oyundan sonra məşq edirəm. Gördüyünüz kimi indi də məşq etməyə gedirəm. Daha çox çalışmaq istəyirəm. İnanıram ki, yaxşı olacaq.
- Bu qədər çox çalışmağının səbəbi daha iddialı klublara keçməkdir?
- Hamı istəyir ki, yaxşı formada olsun. Mən də istəyirəm ki, yaxşı formada olum. Hər şeyə mövsümün sonunda aydınlıq gələcək. Hələ ki, “Sumqayıt”a məxsusam.
- Artıq “Sumqayıt” 3 futbolçu ilə yollarını ayırıb. Baş məşqçiniz Samir Abasov açıqlmasında bildirib ki, mövsümün sonunda geniş islahatlar edəcəm. “Qara siyahı”ya düşəcəyinizdən qorxmursunuz?
- Bilmirəm. Hər şey Samir müəllimin qərarından asılı olacaq. Mən öz üzərimdə daha çox çalışmağa davam edəcəm.
- Növbəti tur “AZAL Arena”da məğlub olmayan AZAL-la qarşılaşacaqsınız…
- Çalışacağıq ki, sərfəli nəticə qazanaq. AZAL bu mövsüm əla oyun nümayiş etdirir. Öz meydanlarında isə daha güclüdürlər. Çətin oyun olacaq.
Mehman ƏŞRƏFOV
saytlarin hazirlanmasi