"Legioner həyatımda ilk dəfə bir oyunda 3 qol vurdum"
Premyer Liqanın XXIX turunda "Zirə" səfərdə "Rəvan"ı 4:0 hesabı ilə məğlub edib.
Qarşılaşmada het-trik edən Nelson Bonilla qarşılaşmadan sonra Sportal.az-a müsahibə verib:
- Oyun haqda fikirləriniz?
- İlk dəqiqələrdən oyun bizə çətin gəlirdi. "Rəvan" aşağı pillədədir və çempionatda qalmaq üçün mübarizə aparır. Şükürlər olsun ki, oyun bizim qələbəmizlə başa çatdı.
- Premyer Liqada 13-cü qolunuzu vurdunuz. Çempionatda əsas rəqibiniz kimdir?
- Öz üzərimdə çox çalışırdım. Artıq bunun nəticəsini görürəm. Bombardirlər siyahısına başçılıq etdiyim üçün sevinirəm. Amma mənim üçün əsas önəmli olan komandamızın yüksək mövqelərdə olmasıdır.
- Düşünmürsünüz ki, 28 tura 13 qol azdır?
- Əsas hədəfimiz çempionatı yüksək pillələrdə başa vurmaqdır. Komandaya yeni qoşulanda əsas məqsədim yerimi möhkəmlətmək idi. Fikrimcə, normaldır. İndi istədiyimi səviyyədəyəm.
- "Zirə"də ilk het-trikinizi rəsmiləşdirdiniz. Karyeranızda belə məqam olub?
- Salvadorda bir dəfə het-trikə imza atmışam. Amma legioner həyatımda ilk dəfə bir oyunda 3 qol vurdum.
- Oyun bitəndən sonra topu özünüzlə apardınız. Bu haqda nə söyləyə bilərsiniz?
- Bu mənim üçün xoş xatirə olacaq. Bu bir adətdir ki, het-trik edəndən sonra topu özünlə aparırsan. Gün gələcək mən də karyeramı bitirəcəm. Yaşlı vaxtlarımda topu nəvələrimə göstərəcəm ki, baxın, mən Azərbaycanda olduğum müddətdə het-trik etmişdim (gülür).
- Topu hədiyyə etmək fikriniz var?
- Xeyr. Salvadorda saxlayacam.
- Oyunun ikinci hissəsində rəqib müdafiəçi ilə mübahisə etdiniz. Nəyə görə əsəblərinizi oyunlarda cilovlaya bilmirsiniz?
- Bu, mənim xarakterimdən irəli gəlir. Mən bəlkə də başqa işlə məşğul olsaydım, belə olmazdım. Mən 17 yaşımda Salvadorun I Divizionunda debüt etmişəm. Həmin yaşımda da belə idim. Bu, məndən asılı deyil. Oyun zamanı başqa cür oluram.
- 3 tur idi ki, qol vurmurdunuz. Dani Quintana qolların sayında sizə çatmışdı. Bu, sizdə əlavə motivasiya yaratmırdı ki, bu gün yenidən bombardirlər siyahısına başçılıq edəsiniz?
- Digər oyunların birində millinin heyətində idim, digər bir oyunda da sarı vərəqəyə görə cəzalı durumda olmuşam. Son dəfə "Qəbələ" ilə oyunda fərqlənmişdim. Cəmi bir oyunda qol vurmamışam.
- Adınız "Qarabağ"la hallanır. Buna münasibətiniz necədir?
- Bir daha vurğulayıram ki, əziyyətimin bəhrəsini görürəm. Bunda komanda yoldaşlarımın və məşqçilərimin əziyyəti var. Bu formada olduğum üçün onlara təşəkkür edirəm. O, ki qaldı transferlə bağlı söhbətə, bununla menecerim məşğul olacaq.
- Qol vurduqdan sonra əsgər salamı verdiniz. Bu haqda nə söyləyə bilərsiniz?
- Azərbaycanda yaşayıramsa, cəbhə xəttində baş verənlərdən məlumatım olmalıdır. Mənim ailəm və ilk növbədə olaraq anam məndən çox narahat idi. Ümid edirəm ki, hər iki dövlətin arasında olan münaqişə Azərbaycanın xeyrinə olar.
- Oyunun gedişində, azərbaycanlı futbolçulardan birinə "topu at da" dediniz. Ünumiyyətlə, azərbaycanca hansısa sözləri bilirsinizmi?
- Azərbaycan dilində çox az söz bilirəm. Oyunun gedişində belə bir söz dediyimi dəqiq bilmirəm. Amma Azərbaycan dilində futbola aid sözləri bilirəm.
Mehman ƏŞRƏFOV
saytlarin hazirlanmasi