"Rəqibdən asılı olmayaraq, ilk məqsəd qrupdan çıxmaq olacaq"
Xəbər verdiyimiz kimi, futzal üzrə millimiz bu il Kolumbiyada təşkil olunacaq dünya çempionatının final mərhələsinə vəsiqə qazanaraq tarix yazıb.
Bu barədə Sportal.az-a müsahibə verən yığmamızın qolkiperi Rövşən Hüseynli maraqlı fikirlər səsləndirib:
- Bildiyin kimi, millimiz ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb. Nə hisslər keçirirsən?
- Elə hisslərdi ki, onu sözlə başa salmaq olmur. Futzalla qazanılan hər bir uğur mənim üçün böyük bir sevincdir. Çünki, hər bir uğur mənim karyeramda ilkdir. Azərbaycanın tarixində ilk dəfə dünya çempionatına vəsiqə qazanmaq və bunda mənim də kiçik də olsa əməyim olmağı ikiqat sevincdi.
- Məlum olduğu kimi, aparıcı futzalçılarımızdan sayılan Rəcəb Fərəczadə üçün Hollandiya matçı son oyunu idi. Səncə, onun yoxluğu dünya çempionatında hiss olunacaq?
- Rəcəb Fərəczadə həm gözəl insan, həm də xüsusi oyunçumuz idi. Futzalçı kimi onda olan xüsusiyyətələri başqalarından çox üstün idi. Fərəczadə 15 il Azərbaycan futzalı üçün çox şeylər edib, daima biz gənc futzalçılara dəstək olub. Biz də çalışıb onun yoxluğunu hiss elətdirməyəcəyik.
- Hazırda final mərhələsində millimizin 16 potensial rəqibi bəllidir. Hansı rəqiblərlə qarşılaşmaq sizin üçün daha çox xoş olar?
- Dünyanın 24 ölkəsi orda çıxış edəcək. Hər bir ölkə böyük mərhələ keçib ora gəlirsə, deməli hər bir rəqib güclüdür. Rəqibdən asılı olmayaraq, ilk məqsəd qrupdan çıxmaq olacaq.
- Dünya çempionatından öncə avqust ayında beynəlxalq turnirdə iştirakınız gözlənilir. Bu turnir sizi çempionata tam hazır vəziyyətə gətirməkdə köməklik edə bilər?
- Turnirdə iştirak etməyimiz haqda heç bir məlumatım yoxdu. Bu barədə mən də mətbuatdan oxumuşam. Amma, iştirak etsək, əlbəttə köməklik edər. Belə hazırlıq xarakterli oyunlar zamanı komandada çatışıb-çatışmayan cəhətləri daha yaxşı görmək olur.
- Dünya çempionatında da özünü əsas heyətdə görürsən?
- Bu barədə qərarları ancaq məşqçi verir. Ancaq, mənim məqsədim daha çox məşq etməkdi. Daha hazır vəziyyətdə olmalıyam ki, heç kim mənə rəqib ola bilməsin və əsas heyətdə də yerimi qoruyub saxlaya bilim. Avropada az da olsa özümdən söz etdirə bildim. Dünya çempionatındakı məqsədim bundan daha çoxdu.
saytlarin hazirlanmasi