"Gürcü futbolu bu proqramdan çox şey qazanacaq” Qoça Camarauli qonşu ölkənin təcrübəsini detallarınacan açdı Ardıcıl 2-ci mövsüm Azərbaycan futbolunun elitasında 8 komanda mübarizə aparacaq. Ardıcıl 3-cü il birinci divizionun qalibi elitaya yüksələ bilməyəcək. Futbolumuzda hökm sürən xaos tək bunlarla bitmir. "Futbolun inkişafına dair Dövlət Proqramı”nın icrası müddətində gözdən pərdə asmaq üçün yaradılanlar bir-bir dağılmaqda davam edir. Bizdən fərqli sabit inkişaf yolunu tutan qonşu Gürcüstanda futbol proqramı yeni qüvvəyə minib, icra müddəti isə 5 ildi. Hazırda bu kiçik ölkənin eltasında və 1-ci dəstəsində 10 komanda, Milli Liqa adlanan 2-ci dəstəsində 34 komanda mübarizə aparır. Hələ həvəskarlar və kəndlər liqası da var.
Gürcüstan Futbol Federasiyasının prezidenti isə 39 yaşlı, ötənlərin məşhur futbolçusu, Almaniya bundesliqasında 250-dən çox oyun keçirən Levan Kobiaşvilidi. Məhz sabiq yarımmüdafiəçinin federasiyaya rəhbər təyin edilməsi ilə bir çox veteran futbolçu Gürcüstanın dövlət strukturlarında yüksək postlara təyinat aldı. Onlardan biri vaxtilə "Trabzonspor”, "Sürix” kimi klubların şərəfini qoruyan, hazırda isə azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunun (Borçalı mahalı, Qarayazı bölgəsi – red.) prefekti olan Qoça Camaraulidi. 45 yaşlı sabiq yarımmüdafiəçi söhbətə yeni vəzifəyə təyinatından danışaraq başladı:
- Bizim oyunçular Sovetlər Birliyi dağıldıqdan sonra kütləvi şəkildə ölkə xaricinə üz tutdu. Mən onlardan biriydim, ağır dövr idi. Uzun müddət ölkə xaricində futbol oynamışam, xeyli təcrübə toplamışam. Gürcüstan balaca ölkədi, futbolçu isə çoxdu. Ona görə hər kəsə məhz futbol sahəsində çalışmaq nəsib olmur. Elə götürək Kaxanı ("Milan”ın sabiq müdafiəçisi, Gürcüstanın energetika və təbii resurslar naziri Kaxa Kaladze – red.), görün hara qədər getdi! (gülür)
- Sizin təyinatınız necə gerçəkləşdi, yoxsa burda da Kaladze amili rol oynadı?
- Yox, 2015-ci ildə Levan Kobiaşvili Futbol Federasiyasına prezident təyin edildi. Bütün sabiq futbolçuları bir araya gətirərək, onları dinlədi, problemləri, görmək istədikləri işlə maraqlandı. Mən özümü məşqçi kimi görmürdüm, ancaq idarəçilik sistemində böyük həvəslə çalışa biləcəyimi dedim. Və məni doğulub-böyüdüyüm Qardabani rayonuna prefekt təyin etdilər. Buna çox sevindim, axı uşaqlığım məhz burada keçib.
- Siz rayonun prefekti olandan sonra yeni futbol klubu təsis edildi. Artıq Qardabaninin iki komandası var.
- Sovetlər dönəmində bizim rayonun komandası olan "Samqori” Gürcüstan çempionatında çıxış edirdi. Ancaq indi həmin klub həvəskarlar liqasında mübarizə aparır. Təbii ki, mən bununla razılaşa bilməzdim. Və biz "Qardabani”ni yaratdıq.
- Deyəsən, yeni qəbul edilən futbolun inkişafına dair Dövlət Proqramının da bunda rolu oldu.
- Əlbəttə! Ümumiyyətlə, düşünürəm ki, yeni proqram bizim 90-cı illərin sonu, 2000-ci illərin əvvəlində "itirdiyimiz illəri” kompensasiya edəcək. Yeni proqramın əsas istiqamətlərindən biri futbolu ölkənin bütün ərazisində yaymaqdı. Bizdə bu idman növünü onsuz da sevirlər, ancaq elə ucqar bölgələr var ki, orda futbolla məşğul olmaq mümkün deyil.
- SSRİ dövründə bir çox məşhur gürcü futbolçu məhz ucqar bölgələrdən respublikanın əsas komandası sayılan "Dinamo”ya cəlb edilmişdi.
- Həmin vaxt sistem vardı, mexanizim çalışırdı, sonra isə bütün görülən işlər "göyə sovruldu”. Hər şeyi yenidən qurmaq lazım gəldi.
- Gürcüstanın qəbul etdiyi yeni proqramla bağlı müxtəlif fikirlər səslənir.
- Hər bir ideyanın tərəfdaşı olduğu kimi, əleyhinə çıxanlar da olacaq, bu təbiidi. Şəxsən mənim fikrimcə, gürcü futbolu bu proqramdan çox şey qazanacaq. Yeni istedadlı futbolçular üzə çıxacaq.
- Proqram çərçivəsində klublara yardım edildiyi deyilir.
- Nəinki klublara yardım edilir, yenilərin yaradılması üçün maliyyə yardımı ayrılır. Əsas istiqamətlərdən biri elə budu. Çünki istedadlı gənc ancaq özünü futbol klubunda oynayaraq göstərə bilər. Hər kəsin isə böyük şəhərlərə getmək imkanı yoxdu. Onların belə imkanı yoxdursa, gərək biz onların yanına gedək.
- Bəs, hazırda fəaliyyət göstərən klublara hansı formada yardım edilir?
- Proqramda hər şey "aşağıdan” başlayır. Əsas bünövrə möhkəm olmalıdı. Ölkəmizdə 5 liqa var. Həvəskarlar və Kəndlər Liqasında yarışan komandalara illik 50 min lari ayrılır, üstəlik inventarla təmin edilirlər. Onlardan bir üst liqaya çıxanlara əlavə 50 min yenə verilir. Yəni oynamaq üçün stimul var. Sonra 2-ci divizion adlandırdığımız Milli Liqa gəlir, bizim rayonun komandası olan "Qardabani” məhz burda mübarizə aparır. Burada vəziyyət daha ciddidi, 34 komanda iki qrupa bölünüb. Hər klubun hesabına 250 min lari köçürülür, onlar inventar, məşq və oyun keçirmək üçün meydança ilə təmin olunur.
- Bu artıq ciddi bir məbləğdi. Bu pullar birdəfəlik klubun büdcəsinə köçürülür, yoxsa hissələrlə?
- Xeyr, mövsüm ərzində. Ciddi məbləğ olduğu üçün bir çox tanınmış futbolçu Milli Liqada çıxış edir. Azərbaycanda legioner həyatı yaşayan Aleksandr Qoqoberişvili hazırda bu turnirdə "tər tökür”. Hər kluba nəzarət üçün federasiya tərəfindən ayrıca şəxslər ayrılır. Birinci dəstədə olan hər klub federasiyadan 750 min lari yardım alır. Hazırda Gürcüstan yığmasına namizəd olan bir neçə futbolçu bu dəstədə oynayır.
- Bəs elita klublarıyla bağlı vəziyyət necədi?
- Baxın, burda artıq proqramın əsas müddəası işə düşür. Birinci dəstə ilə elita arasında ciddi bir fərq yoxdu, burda əsas məqsəd ölkə kubokunda rəqabətin yüksəldilməsi, yeni futbolçuların üzə çıxmasıdı.Elitada olan 10 klubun hər biri il ərzində bir milyon lari qazanır. Bəli, bu Avropada mübarizə aparan komanda üçün böyük rəqəm deyil, amma nəzərə almaq lazımdı ki, avrokuboklara vəsiqə qazanan klublara bonus da verilir.
- Ümumi götürəndə dövlət futbolun inkişafı üçün böyük pullar xərcləyir.
- Bu vəsait təkcə dövlət büdcəsindən çıxmır, futbola cəlb olunan xeyli iri şirkət var, onlar sponsor kimi dövlət proqramına yardım edirlər. Bu şirkətlər üçün xüsusi imtiyazlar nəzərdə tutulub, iş sistematik şəkildə qurulub və Gürcüstan futbolu mütləq bunun faydasını görəcək.
Söhbətləşdi: ARAZ ƏHMƏDOV / FUTBOL+ üçün
saytlarin hazirlanmasi