Son bir neçə ayda ciddi müzakirələrə səbəb olan legioner limiti ilə bağlı məsələyə nöqtə qoyuldu. Klublarımız gələn mövsümdən meydana 11 legionerlə çıxmaqda azaddır.
Bu qərara müxtəlif cür yanaşmaq olar. Legioner limitinin inkişafa səbəb olacağını düşünənlər də var, əksini iddia edənlər də. Kimin haqlı, kimin haqsız olduğunu demək çətindir. Necə deyərlər, zaman göstərəcək, tarix öz qiymətini verəcək.
Bu məsələnin ən maraqlı tərəfi futbol ictimaiyyətində çoxluğun limitin ləğvinə qarşı olmasıydı. Əksər məşqçilər, futbol adamları əcnəbilərin axını baş verəcəyi halda, yerli futbolçuların tamamilə itib-batacağını deyirdi. Lakin AFFA rəhbərliyi heç kimi dinləmədi, öz bildiklərini etdilər.
Demək olar hamının fikir bildirdiyi mövzuda futbolumuzun ən önəmli fiquru Qurban Qurbanov sona qədər susqun qaldı. İK üzvü olduğu üçün bu məsələdə mətbuatda fikir bildirməyi doğru hesab etmədiyini dedi. Hərçənd, əvvəlcədən danışsaydı, daha yaxşı olardı. Futbol savadına güvəndiyimiz mütəxəssisin fikirləri əksəriyyət üçün istiqamət ola bilərdi, bəlkə də onun səsi daha yuxarılarda eşidilərdi.
Hələ İcraiyyə Komitəsinin yeni tərkibi açıqlananda, Qurban Qurbanovun orada yer almalı olmadığını düşünənlər çox idi. Bu barədə məhdud çevrədə danışanlar da var idi, bunu açıq-açığına deyənlər də. Səbəbi də çox sadədir. Ölkə futbolunda ən yeni tarixlər yazan bir adamın futboldan uzaq adamlarla dolu bir masada müzakirələrə açıq olması bir tərəfdən qəribə, o biri tərəfdən də qeyri-peşəkar görüntü idi.
Bildiyimiz qədəri ilə Qurban Qurbanov legioner limitinin ləğvinə qarşı idi. Daha doğrusu, bunun birdən-birə yox, mərhələli şəkildə həyata keçirilməsini istəyirdi. Lakin İK üzvləri mötəbər şəxsi eşitmədilər, səsvermə yolu ilə legioner limitini ləğv etdilər. Bu qədər sadə yolla öz həqiqətlərini Qurban Qurbanova da qəbul elətdirdilər.
Bizim üçün QURBAN QURBANOV olsa da, İK masasında bərabərhüquqlu on üç nəfərdən biridir. Yəni Qurban Qurbanovdur deyə, səs hüququ "beş" yox, başqaları kimi "bir" hesablanır. Ona görə də, Qurbanovun oradakılara sərf etməyən heç bir sözünü keçirə bilməyəcəyi əvvəlcədən aydın idi. AFFA rəhbərliyinə Qurban Qurbanovun adı lazımdır, fikirlərinə ehtiyac duyulmur.
Ya zəlzələdən, ya vəlvələdən qərar artıq qəbul olunub. Bundan sonra futbolumuz legionerlərlə addımlayacaq. Bizə başqa şey maraqlıdır, Qurban Qurbanov bundan sonra da həmin masada əyləşəcəkmi...
Həmid
saytlarin hazirlanmasi