Azərbaycan Premyer Liqasında klub sayı artırılacaq, legioner limit ləğv olunacaq SON DƏQİQƏ

21:57 - 3 Fevral 2025

3 fevral 2025-ci il tarixində AFFA-nın inzibati binasında AFFA-nın prezidenti Rövşən Nəcəfin rəhbərliyi altında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasda Misli Premyer Liqasında klub sayının artırılması məsələsi müzakirə olunub. 2025/2026-cı illər mövsümündən komanda sayının 10-dan 12-yə artırılması qərara alınıb. Çempionatın əsasnaməsi və formatı İcraiyyə Komitəsinin növbəti toplantısında müzakirə ediləcək.
 
Eyni zamanda Misli Premyer Liqasında 2025/2026-cı illər mövsümündən legioner limitinin ləğvi qərara alınıb. Yeni mövsümdən legioner limitində aşağıdakı kriteriyalar tətbiq olunacaq:

Oyunun sifariş vərəqəsində maksimum 17 əcnəbi futbolçu ola bilər.
Meydanda eyni anda 11 əcnəbi futbolçu oynaya bilər.

Legioner futbolçular üçün rüsum aşağıdakı kimi olacaq:

1 legionerdən 7 legionerə qədər: 5000 (beş min) AZN
8-dən 12-yə qədər: 10000 (on min) AZN
13-dən 15-ə qədər: 100000 (yüz min) AZN
16 və daha yuxarı: 200000 (iki yüz min) AZN

Öz ölkəsinin milli komandasının üzvü olub-olmamasından asılı olmayaraq, bütün legionerlərə rüsum tətbiq ediləcək.
Heyətində yerli futbolçular oynadan klublara xüsusi hesablama metodu ilə bonus ödəniləcək. Bonuslar legioner rüsumundan əldə ediləcək vəsaitdən veriləcək.

Xəbər xətti