“Uşaqlar fasilə dövründə idmansız qalmayıblar. İstirahət günlərində daim stadionda qaçan, futbol oynayanlar çox olub. Ona görə deyə bilərəm ki, toplanışa hazılıqlı gəliblər”.
Sportal.az xəbər verir ki, bu sözləri kapazpfc.az saytına açıqlamasında Etibar İbrahimov deyib. “Kəpəz”in baş məşqçisi klub saytına məşq prosesi haqda danışıb: “Futbolçular çəkilərinə diqqət yetiriblər. Düzdü, bəzilərinin çəkiləri 700-800 qram artıb. Amma bu, problem sayılmamalıdı. Onlara nəzarət olunur, bir neçə məşqdən sonra əvvəlki çəkiyə düşdülər. Hazırlıqda ümumi dözümlülük məşqləri üzərində işləyirik, oyunçular tez bərpa olaraq artıq çəkidən azad olublar”.
Gənc mütəxəssis yetirmələrinin hazırlığa ciddi yanaşdıqlarını da sözlərinə əlavə edib: “Futbolçuların əhval-ruhiyyəsi yaxşıdı, məşqlərdə istənilən səviyyədə çalışırlar. Ayın 14-də “Turan Tovuz” ilə yoxlama görüşümüz var. Həmin matçda bacarıqlarını ortaya qoyacaqlar. Çalışırıq ki, bir neçə futbolçu da dəvət edib komandanı gücləndirək. İlk dövrədə çəkdiyimiz əziyyəti göz önünə gətirərək limitə uyğun oyunçu tapmaq istəyirik”.
Qeyd edək ki, məşq planına əsasən, “Kəpəz” hazırlığın ikinci mərhələsini Bakıda keçirmək niyyətindədir. Etibar İbrahimovun sözlərinə görə, rəqib qismində I Divizionun iddialı komandaları ilə yanaşı, Premyer Liqa klubları ilə də qarşılaşmaq istəyirlər. Bu yöndə danışıqlar gedir.
saytlarin hazirlanmasi