"Evdə işlərim var, onlarla məşğulam. "Kəpəz"dən ayrılandan sonra başqa təklif olmadı. Əlbəttə, əgər komanda aşağı liqaya düşübsə, günah biz məşqçilərindir. Komandanın bu günə düşməsində səbəbkar bizik, başqa kimi deyə bilərik? Yayda adım yenidən "Kəpəz"lə hallanırdı. Ancaq gündəm dəyişdi və Etibar İbrahimov baş məşqçi təyin edildi. Federasiya belə bir qərar verdi. Mənim heç kəslə soyuq münasibətim yoxdur. Ola bilər ki, Etibar İbrahimova güvəniblər. O da mənim həmkarımdır. Ona uğurlar arzu edirəm. Çox istəyirəm ki, "Kəpəz" yuxarı pillələrə qalxsın və Premyer Liqaya dönsün".
Sportal.az saytına açıqlamasında bu sözləri son olaraq, "Kəpəz"də məşqçi işləmiş Vidadi Rzayev deyib. Veteran futbolçu I Divizionda tətbiq edilən limitin faydasız olduğunu bildirib:
"İstərdim ki, Premyer Liqada bölgə klubları çox olsun. Bu, futbolumuza daha yaxşı olar. I Divizionda da səviyyə aşağı düşüb. Region klubları zəif gücdədirlər və limitin qoyulması da absurddur. Əvəzedicilərin öz yarışı var idi və o komandalarda çıxış edən futbolçular bir çox hallarda əsas heyətə dəvət alırdılar. Ancaq 23-24 yaşlı futbolçular indi kənarda qalır. Elə futbolçu var ki, bu yaşlarda özünü göstərir. Bu qərara görə, həmin futbolçular itir. Bunu əvəzedicilərdə tətbiq etmək olardı. Divizion isə öz axarında getməli idi. Üstəlik, bölgə klublarını bir qədər gücləndirib yarışı maraqlı etmək lazımdır. Türkiyədə I Liqa klubları Super Liqa komandalarına kubok oyunlarında meydan oxuyur. Aşağı liqa klubları "Başakşəhər"lə "Fənərbağça"nı mübarizədən kənarlaşdırdı. Bu o demək deyil ki, Super Liqa klubları zəifləyib, sadəcə, aşağı liqa daha da güclənib. Bizdə də bunu etməliyik. Divizionu zəiflətmək əvəzinə gücləndirməliyik. Limit məsələsində bu gün bir çox futbolçu kənarda qalırsa, 2-3 ilə Azərbaycanda yerli oyunçu qıtlığı olacaq. Yunis Hüseynov, Elxan Abdullayev, Arif Əsədov, Nazim Süleymanov, Əsgər Abdullayev kimi məşqçilər klub azlığına görə işsiz qalıblar. Yaxşı olardı ki, regionlarda futbola diqqət ayrılsın".
Rzayev "Kəpəz"ə rəhbər təyin edilən İslam Abbasovla Vaqif Sadıqovun təyinatına da münasibət bildirib:
"Federasiya "Kəpəz"ə maliyyə baxımından özü dəstək verir. Buna görə də qərarı özləri verir. Vaqif Sadıqov tanınmış məşqçidir. Hər ikisinə uğurlar arzu edirəm. Onların rəhbərliyi altında "Kəpəz"in elitaya qayıtmasını istəyirəm".
saytlarin hazirlanmasi